Azərbaycan, Bakı / Trend / "Şəmkir regional elektriktəchizatı" elektrik sayğaclarının quraşdırılması proqramını 97 faiz yerinə yetirib. "Şəmkir regional elektriktəchizatı" Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy rayonlarının paylayıcı şəbəkələrini əhatə edir və 118 mindən çox abunəçiyə xidmət göstərir. "Azərenerji" mətbuat xidmətinin məlumatına görə, bu haqda müəssisənin direktoru Elşad Məmmədov bilgi verib.
Şəmkir, Tovuz, Ağstafa və Qazaxda bu istiqamətdə aparılan işlər artıq tamamlaınb. Gədəbəy rayonu üzrə işlər isə yaxın günlərdə yekunlaşacaq.
Əgər 2006-cı ilin birinci rübündə bölgədə 309 milyon kilovatt elektrik enerjisi sərf edilmişdisə, fərdi sayğacların quraşdırılmasından sonra müvafiq göstərici 185 milyon kVt/saat təşkil edib.
2006-cı ilin birinci rübü ilə müqayisədə elektrik enerjisinin istifadəsinə görə yığım 20 faiz artıb.
Paralel şəkildə "Şəmkir regional elektriktəchizatı" müəssisəsində təmir-bərpa işləri aparılır. Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 10 və 0.4 kilovoltluq elektrik xətləri bərpa edilib. Hazırda SİP kabellərinin çəkilməsi ilə bağlı işlər davam etdirilir.