...

Nazir: Azərbaycan və Türkmənistan "Kəpəz" yatağının işlənilməsi üzrə danışıqları davam etdirə bilər

Energetika Materials 11 İyun 2007 21:09 (UTC +04:00)
Nazir: Azərbaycan və Türkmənistan "Kəpəz" yatağının işlənilməsi üzrə danışıqları davam etdirə bilər

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Xəzər dənizindəki mübahisəli "Kəpəz" yatağının Türkmənistanla birgə işlənilməsini istisna etməyib.

"Hesab etmirəm ki, "Kəpəz" yatağının işlənilməsi ölkələr arasında hər hansı bir problem yarada bilər",-deyə bazar ertəsi nazir söyləyib.

Bununla yanaşı, onun sözlərinə görə, bu yatağın işlənilməsi çətindir və Azərbaycan və Türkmənistan arasında Xəzərin statusu ilə bağlı məsələ ilə əlaqədardır. "Biz vaxtıilə bu məsələ ilə məşğul olmuşuq, amma Türkmənistanla aparılan danışqlar hər hansı bir nəticə verməyib", - deyə Əliyev söyləyib. Onun sözlərinə görə, ölkələr arasında əsas problem Xəzər dənizinin dibinin bölünməsidir.

"Azərbaycan, Qazaxıstan və Rusiya arasında artıq metod (dənizin dibinin bölünməsi üzrə) istifadə olunub və bu əsaslarla biz Türkmənistanla danışıqları davam etdirməliyik",-deyə nazir söyləyib.

Əliyevin sözlərinə görə, "Kəpəz" yatağındakı çıxarıla bilən neft ehtiyatının həcmi 5 mln. tondur. Yataq SSRİ vaxtında Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Sovet dövründə "Aralıq" adlandırılan yataq Azərbaycan və Türkmənistan arasındakı orta xətdə yerləşir.

Xəbər lenti

Xəbər lenti