...

Mixail Saakaşvili: "Gürcüstan bu gün öz ehtiyaclarını yüz faiz Azərbaycan qazı ilə ödəyir"

Energetika Materials 26 İyul 2007 12:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan qonşu Azərbaycana yumurta və qoyun ətinin idxalına başlayıb. Belə bir bəyanatla bu həftə Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

"Bu azdır, lakin qeyd etmək lazımdır ki, biz Azərbaycan və digər ölkələrə ixraca təzə başlayırıq" - deyə o bildirib.

Prezident həmçinin əlavə edib ki, Azərbaycana görə Gürcüstan bu gün qaz ehtiyaclarını tamamilə ödəyə bilir.

"Biz əminliklə gələcəyə baxa bilərik. Çünki Azərbaycan qazının köməyi ilə etibarlı alternativ enerji mənbəyinə malik olmuşuq. Bu, iqtisadiyyatımızı inkişaf etdirməyə imkan verir" - deyə Gürcüstan lideri vurğulayıb.

Saakaşvili həmçinin "100 aqrosənaye müəssisəsi" adlı proqramın start götürdüyünü bəyan edib.

"Gürcüstanda işləyən insanların yarısından çoxu kənd yerlərində yaşayırlar. Burada işsizlik yüksək həddədir. Bu, onunla bağlıdır ki, əgər insanın torpağı var və o məhsul yığırsa, bu adam iqtisadi dövriyyədə iştirak etmir, onun məşğulluq məsələsi mübahisəli olur" - deyə o vurğulayıb.

"Məqsədimiz işgüzar adamlara daha yaxşı iş tapmaq üçün stimul verməkdir. Bir neçə texniki məktəb açılıb, peşəkar personalın hazırlığı proqramları var. Lakin bizim daha böyük ehtiyacımız var. Çünki bizdə peşəkar mütəxəssislərin çatışmazlığı mövcuddur. Tikinti sahəsində mütəxəssisləri Türkiyədən gətizdirirlər, lakin biz yavaş-yavaş bunu məhdudlaşdıracağıq" - deyə prezident qeyd edib.

Saakaşvilinin sözlərinə görə, iqtisadi inkişaf üçün korrupsiyadan azad olan ölkə lazımdır və artıq buna nail olunub: "Bütün regionlarda yolların tikintisi gedir və gələn ilin sonuna kimi əksər yerlərdə bu problem həll olunacaq. Biz elə etməliyik ki, bütün rayon mərkəzlərində yolların 80-90 faizi yaxşı olsun".

Prezident qeyd edib ki, investorlar 400-500 hektarlıq torpaqları dəyər qiymətinin 20 faizinə götürə biləcəklər. İki il ərzində Saakaşvili aqrosənaye komplekslərinin inşasına 60-80 milyon dolların cəlb ediləcəyinə inanır. 4-5 ildən sonra isə Gürcüstan 500-600 mln. dollarlıq gəlir əldə edəcək və bu pullar dövlətin ehtiyacları üçün sərf olunacaq.

Saakaşvili həmçinin kənd əhalisinin hamısının iqtisadi fəaliyyətə cəlb olunması ilə bağlı iddiaları təkzib edib. "Biz real yerlər yaradacağıq ki, kənddə yaşayanlar pul qazana bilsinlər" - deyə o bildirib.

Prezident qeyd edib ki, son iki ildə ölkədə 10-15 iri, habelə 108 orta və kiçik aqrosənaye müəssisəsi açılıb. Onun sözlərinə görə, Gürcüstanın ÜDM-də kənd təsərrüfatının payına 12 faiz, ixracda isə 24 faiz düşür.

Xəbər lenti

Xəbər lenti