...

Azərbaycan və ABŞ Transxəzər qaz kəməri çərçivəsində müqavilə imzalayacaqlar

Energetika Materials 15 Avqust 2007 19:26 (UTC +04:00)
Azərbaycan və ABŞ Transxəzər qaz kəməri çərçivəsində müqavilə imzalayacaqlar

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycan və ABŞ arasında cümə axşamı Bakıda Transxəzər qaz kəmərinin tikintisinin texniki iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması üzrə qrant müqaviləsi imzalanacaq. Bu barədə Xarici işlər nazirliyinin məlumatında göstərilib.

MottMcDonald Ltd (Böyük Britaniya), Kantor Management Consultants (Yunanıstan), KLC Law Firm (Yunanıstan) və ASPI Consulting Engineers (Azərbaycan) şirkətlər konsorsiumu INOGATE layihəsi çərçivəsində qazın Türkmənistandan Avropaya nəql olunmasının mümkün yolları ilə bağlı ilkin TİƏ-ni artıq hazırlayıblar.

Daha prioritet marşrut kimi qazın Xəzər dənizinin dibi ilə sualtı qaz kəməri vasitəsilə nəqli imkanı nəzərdən keçirilir. Həmçinin qazın Rusiya və İrandan tranzit olaraq nəql olunması imkanları müzakirə olunur.

Sualtı qaz kəmərinin çəkilməsi ilkin olaraq 11,5 mlrd. dollar dəyərində qiymətləndirilir. Kəmərin illik buraxılış gücü isə 22 mlrd. kubmetrə qədər təşkil edə bilər. Ekspertlər hesab edirlər ki, bu kəmərin çəkilməsinin texniki şərtləri "mavi axın" layihəsindən (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) daaha əlverişlidir. Bu, Xəzər dənizinin dərinliyinin daha az olması və hava şəraitinin Qara dənizə nisbətən mülayim olması ilə izah olunur.

Bu kəmər hazırda "Şahdəniz" qazını ixrac edən Cənubi qafqaz qaz kəmərinə qoşula bilər. Gələcəkdə isə bu qazın Yunanıstan və Bolqarıstandan İtaliya və Avropaya nəqli imkanları nəzərdə tutulur.

Cənubi Qafqaz kəmərinin illik buraxılış gücünün 20 mlrd. kubmetr olmasına baxmayaraq ekspertlər kəmərdə qazın nəqli üçün boş həcmin olacağını bildirirlər. Bu da Azərbaycanda qaza olan tələbatın artacağının güman olunması və kəmərin buraxılış gücünün artırılması üçün texniki imkanların mövcud olması ilə izah olunur.

INOGATE (Interstate Oil and Gas Transport to Europe) "Neft və Qazın Avropaya Dövlətlərarası Nəqli" deməkdir. Proqramın məqsədi neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasına yardım etmək, həmçinin neft və qazın MDB və Avropa bazarlarına çıxarılmasıdır. Bununla yanaşı proqram özəl investorların və beynəlxalq maliyyə təşkilatlarının müvafiq layihələrə cəlb olunmasında katalizator rolunda çıxış edir.

Proqramda 21 ölkə iştirak edir.: Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Makedoniya, Moldova, Rumıniya, Slovakiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan.

Xəbər lenti

Xəbər lenti