Bakı. Trend:
Azərbaycanda likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq 7 günlük əks-repo hərraclarının keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə məlumatında deyilir.
Bildirilir ki, bu ilin sentyabrından pul siyasətinin yeni alətlərinin tətbiqinə başlanılıb. Bu istiqamətdə daimi imkan alətləri işə salınıb və açıq bazar əməliyyatlarının çeşidi artırılıb.
"Daimi imkan aləti olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının tətbiqinə başlanılmışdır. Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi istiqamətində sterilizasiya məqsədilə zəruri hallarda 1,3,6 və 9 aylıq notlarla yanaşı, 7 günlük repo hərraclarının keçirilməsi məqsədəuyğun sayılıb", - deyə Mərkəzi Bankın məlumatında bildirilir.
Sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 456.6 mln. manat olub. Mərkəzi Bank 2022-ci ilin oktyabr-noyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 34 not hərracı keçirib.