Bakı. Trend:
Azərbaycan Hökuməti, enerji və kommunal xidmətlər sektoru, beynəlxalq maliyyə təşkilatları və donor təşkilatlarının nümayəndələrinin iştirakı ilə Binalar Sektorunda Milli Renovasiya Proqramının işlənib hazırlanması istiqamətində Enerji Effektivliyi Bazarının Qiymətləndirilməsinin İlkin Nəticələri üzrə seminar keçirilib.
Trend xəbər verir ki, seminar Dünya Bankı tərəfindən həyata keçirilən və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində “Enerji effektivliyi və iqlim” texniki yardım layihəsinin icrası çərçivəsində təşkil olunub.
Seminarda Dünya Bankı tərəfindən qeyd edilib ki, Azərbaycanda binalar enerji istehlakının təqribən 55%-nə cavabdehdir ki, bu da dünya üzrə orta göstərici olan 35%-dən xeyli çoxdur. Ölkədə binalarda enerji effektivliyini artırmaq üçün müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir, lakin lazımi nəticələrə nail olmaq üçün yeni və əhatəli yanaşmaya ehtiyac var.
Tədbirdə Azərbaycanda özəl (yaşayış və kommersiya) və ictimai binalar üçün Milli Renovasiya Proqramı üçün hazırlanan Yol Xəritəsinin əsas nəticələri, ictimai binalarda enerji effektivliyi potensialının bazar qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı rəylər və sözügedən proqramın həyata keçirilməsi üçün ehtiyacların qiymətləndirilməsi müzakirə edildi.
Avropa İttifaqı və Dünya Bankının birgə səyi olan AZTAF Proqramı Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan Hökumətinə dəstək vermək məqsədilə yaradılıb.