Bakı. Trend:
Qazaxıstan Bakıda keçiriləcək COP29-da fəal iştirak edəcək.
Trend xəbər verir ki, bu
barədə Qazaxıstan Respublikasının Prezidentinin Müşaviri –
Prezidentin Beynəlxalq Ekoloji Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi
Zülfiyyə Süleymenovanın Azərbaycana işgüzar səfəri zamanı
bildirilib.
2024-cü ilin noyabrında Bakıda iqlim maliyyələşdirilməsi
məsələlərinə həsr olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının 29-cu sessiyası (COP29) baş tutacaq. Konfrans
qərarları qəbul edən Konvensiyanın ali orqanıdır. Hər il dünyanın
hər yerindən olan hökumət nümayəndələri iqlim dəyişikliyinin
qarşısının alınması və fəsadlarının aradan qaldırılması işində
səylərini birləşdirmək üçün konfransa toplaşırlar.
Səfər çərçivəsində Zülfiyyə Süleymenova və Qazaxıstanın
Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Prezidentinin Xarici
Siyasət Məsələləri üzrə Köməkçisi H. Hacıyevlə, Energetika Naziri
P. Şahbazovla, Ekologiya və Təbii Sərvətlər Naziri, COP29
Prezidenti M. Babayevlə, Milli Məclisin deputatı, COP29-da BMT-nin
İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Lideri N. Arpadarai, Xarici
İşlər Nazirinin Müavini, COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyevlə
görüş keçiriblər. Görüşlər zamanı COP29-a hazırlığı və keçirilməsi
ilə bağlı məsələlər müzakirə olunub.
Z. Süleymenova Azərbaycanı qarşıdan gələn olduqca əhəmiyyətli
tədbirin keçirilməsi ilə əlaqədar təbrik edib və dəstək
göstərilməsinə, sıx əməkdaşlığa hazır olduğunu ifadə edib.
Öz növbəsində, azərbaycanlı tərəfdaşlar dəstəyə görə Qazaxıstana
minnətdarlığını bildiriblər və Azərbaycanın COP29-da sədrliyi
çərçivəsində prioritetləri və təşəbbüsləri, mötəbər tədbirə
hazırlıq işi, dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar
prosesi haqqında məlumat veriblər.
Baş tutan görüşlər zamanı tərəflər daha ekoloji inkişaf modelinə
keçidi ilə bağlı təcrübə mübadiləsi aparıblar. Xüsusilə,
azərbaycanlı həmkarlar, Qarabağ regionu da daxil olmaqla, ekoloji
cəhətdən təmiz enerjinin istehsalı üzrə apardığı işlər haqqında
məlumat veriblər. Vurğulanıb ki, Avropaya yaşıl elektrik
enerjisinin ixracı məqsədilə Qara və Xəzər dənizlərin dibi ilə
elektrik kabellərinin çəkilməsi yaşıl gündəliyinin təşviqində
ölkələrimizin önəmli töhfəsi olacaq.
QR-nın Prezidentinin Müşaviri Qazaxıstanın lideri ətraf mühitin
qorunması məsələlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb və
Qazaxıstanın yaşıl energetikasına keçidi ilə təşəbbüslər, o
cümlədən, layihələr portfelini formalaşdırmağa başlayan və Almatıda
yaradılmaqda olan İqlim və Yaşıl Energetika Məsələləri üzrə Mərkəzi
Asiya Ölkələrinin Layihə ofisi haqqında məlumat verib. Azərbaycanın
COP29-da sədrliyə dəstək verməsi məqsədilə Z. Süleymenova iqlim
dəyişikliyi ilə mübarizə üzrə birgə layihələrin hazırlanmasına
başlamağı təklif edib. Təklif Qazaxıstanın ekoloji təşəbbüslərin
təşviqində və müvafiq qanunvericiliyin formalaşmasında mühüm
nailiyyətlərini qeyd edən azərbaycanlı həmkarları tərəfindən
dəstəklənib.