...

bp şirkəti Azərbaycanda aktual su layihələrinin reallaşdırılmasına kömək göstərəcək

Yaşıl iqtisadiyyat Materials 22 Aprel 2024 16:31 (UTC +04:00)
bp şirkəti Azərbaycanda aktual su layihələrinin reallaşdırılmasına kömək göstərəcək
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

Şirkətdən Trend-ə bildirilib ki, iki il müddətinə nəzərdə tutulmuş bu üç layihənin ümumi dəyəri 2,6 milyon dollardan artıqdır.

Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması, çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə ediləcək. Sistemin ildə 500 min kub metrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur, bu isə 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.

İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin - kəhrizin, bərpa edilməsi məqsədini daşıyır. Bərpa edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kub metrə qədər şirin su təchiz edə biləcək. Bu isə 15000 nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etmək deməkdir.

Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəlib. Layihə ümumi əhalisi təqribən 25 min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə edəcək.

İmzalanma tədbirində ADSEA sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, Azərbaycanda ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bp şirkətinin şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnun olduğunu deyib.

"Diqqəmitizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək edəcək", - deyə B.Aslanbəyli qeyd edib.

Qeyd edək ki, bp şirkəti Azərbayanda 32 ildir mövcuddur və çox sayda layihələrin reallaşdırılmasında ölkənin strateji tərəfdaşıdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti