Bakı. Trend:
KOB-lar emissiyanın azaldılması və ümumi dekarbonizasiya istiqamətində töhfə verə bilərlər.
Trend xəbər verir ki, bu barədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda bildirib.
“Bugünkü tədbirdə vurğulandı ki, KOB-lar emissiyaların 50 faizini əhatə edir. Bu, kifayət qədər böyük bir rəqəmdir. Deməli KOB-lar bu emissiyanın azaldılması və ümumi dekarbonizasiya istiqamətində töhfə verə bilər. Dünya Bankı hesab edir ki, iqlim dəyişikliyi 2050-ci ilə qədər qlobal ÜDM-i 1,5-3 faiz azalda bilər.
Bu, kifayət qədər ciddi rəqəmdir və ÜDM-in azalması dünyada iqtisadi aktivliyin aşağı düşməsidir. Bu, özünü məşğulluqda, yoxsulluq riskinin artması faktorunda göstərəcək. Buna görə də bütün dəyişikliklər və zərurətə çevrilmiş çağırışlar nəzərə alınaraq, Azərbaycan hökuməti öz strategiyasında, orta və uzunmüddətli baxışında yaşıl artımı özünün bir inkişaf xətti olaraq müəyyənləşdirib”, - deyə şöbə müdiri əlavə edib.