Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir H.Vəliyev /
"23-27 noyabr tarixlərində Minskdə Beynəlxalq Elektrik Rabitəsi Şurasının (ITU) "MDB məkanını birləşdirək" regional sammiti və 2010-cu ildə elektrik rabitənin inkişafı üzrə Ümumdünya Konfransına MDB ölkələrinin hazırlıq iclası keçiriləcək", - Trend -a bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) məlumat verilib.
RİTN-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinə rabitə naziri Əli Abbasovun başçılıq edəcəyi gözlənilir. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və başqa ölkələrin səlahiyyətli nümayəndələri, eləcə də ekspertlər iştirak edəcəklər.
Bu tədbir MDB regionunda qlobal informasiya cəmiyyətinin tikintisi yolunda, İKT-nin inkişafında maraqlı olan hökumət, biznes dairələri, maliyyə institutları, elmi təşkilat və avadanlıq tədarükçülərinin münasibətlərində yeni mərhələ olacaq.
Yüksək səviyyədə "MDB məkanını birləşdirək" görüşü ITU-nun "Dünyanı birləşdirək" qlobal təşəbbüsünün bir hissəsidir və informasiya ictimaiyyəti məsələləri üzrə yüksək səviyyəli ümumdünya görüşünün əsas məsələlərinin 2015-ci ilə qədər yerinə yetirilməsi üçün lazım olan sərmayələrin cəlbi məqsədilə dövlət və özəl sektorlar arasında əməkdaşlıq münasibətlərinin qurulması üzrə yardıma yönəldilib.
"MDB məkanını birləşdirək" görüşünün ümumi məqsədi bütün regionun iqtisadi və sosial inkişafının mühərriki sayılan, rəqəmsal texnologiyalara əsaslanan infrastruktur və xidmətlərə sürətli keçid üçün lazım olan texniki, maliyyə və insan resurslarının mobilizasiyasıdır. İlkin vəzifələrə müasir rabitə texnologiyaları və vasitələrinin inkişafı, sərmayələrin cəlbi üçün münbit şəraitin yaradılması, normativ-hüquqi mühitin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə əsasında xidmətlərin tətbiqi daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]