Azırbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir H.Vəliyev, İ.Xəlilova/
Azərbaycan Mərkəzi Bankı poçt rabitəsinin milli operatoru "Azərpoçt" MMC-yə əhaliyə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya təqdim edib, bu barədə cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
"Son zamanlar "Azərpoçt" böyük uğurlar əldə edib və artıq müvafiq infrastruktur yaradılıb. 2010-cu ildən başlayaraq müəssisə tam səmərəli xidmətlərin göstərilməsinə başlayacaq ki, bu da 2012-ci ildə onun gəlirliliyinin təmin edilməsi üçün yeni əsas yaradacaq", - nazir bildirib.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin sözlərinə əsasən , hazrıda poçt operatorunun yenidən təşkili və onun maliyyə xidmətlərinin göstərilməsinə hazırlanması üzrə işlər gedir.
"Daxili informasiya sisteminin tətbiqi işləri həyata keçirilir, struktur dəyişikliklərinə başlanılması, risklərə nəzarət sisteminin yaradılması həyata keçirilir", - sədr müavini bildirib.
"Azəpoçt"a qeyri-bank kredit təşkilatı kimi lisenziya verilib.
"Hazırkı mərhələdə poçt operatoru əmanətləri qəbul etməyəcək, bu sonrakı illərdə ola bilər, buna görə də hazırda tam olmayan bank fəaliyyəti üçün lisenziya verilir", - Quliyev bildirib.
Parlamentdə ikinci oxunuşda müzakirələri keçirilən "Qeyri-bank kredit fəaliyyəti haqqında" qanun layihəsinə əsasən, bu maliyyə institutuna, həmçinin banklara müddətsiz lisenziya təqdim olunacaq.
Poçt şöbələri 2010-cu ildən məhdud bank əməliyyatları həyata keçirəcək, onlara kassa əməliyyatları, pul köçürmələri və müştəri hesablarının açılması kimi əməliyyatlar daxildir. Növbəti mərhələdə depozitlərin cəlb edilməsi, uzunmüddətli perspektivdə isə poçt şöbələri tərəfindən əhaliyə kreditlərin verilməsi nəzərdə tutulur.
"Azərpoçt"un funksiyaları "Poçt rabitəsi haqqında" qanuna edilən düzəlişlər əsasında genişlənib. Ölkədə 2005-ci ildən Dünya Bankının dəsətəyi ilə poçt şöbələrində "Maliyyə xidmətlərinin inkişafı" layihəsi həyata keçirilir. Sözügedən layihənin ilin sonuna kimi tamamlanması planlaşdırılır, növbəti ildə yeni xidmətlərin göstərilməsinə başlanılacaq, lakin yeni xidmətlərin istifadəsinə keçid daha iki-üç il həyata keçiriləcək.
"Azərpoçt" öz şöbələrini Mərkəzi Bank tərəfindən yaradılan bir kommunal ödəmə sisteminə qoşmağa başlayıb. Hazırda təxminən 100 poçt şöbəsi bu sistemə qoşulub.
Hazırda ölkə ərazisində 1536 poçt şöbəsi fəaliyyət göstərir ki, onların 337-si şəhərlərdə, 1199-u isə kənd yerlərində əhaliyə xidmət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]