Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir H.Vəliyev/
BMT 66-cı plenar iclas çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş "Şərq-Qərb" superinformasiya magistralının yaradılması layihəsi üzrə qətnamə qəbul edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
BMT "informasiya uçurumunun" aradan qaldırılması, yoxsulluğun səviyyəsinin azaldılması, iqtisadiyyatın artımının yüksəldilməsi və regionun inkişafı üçün lokomotiv rolunu oynamağa yönələn layihəyə dəstək göstərdiyini bildirib.
Bu gün Azərbaycanda və bütün Xəzəryanı regionda informasiya axını artıqca məlumatların ötürülməsi üçün mövcud şəbəkənin trafik həcminin öhdəsindən gələ bilməməsi daha kəskin şəkildə biruzə verir. Yaranan çatışmazlığı aradan qaldırmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Qərb və Şərq arasında sürətli magistralın yaradılması üzrə təşəbbüs irəli sürüb. Layihəyə dair danışıqlar MDB, Avropa və Asiya dövlətlərindən olan tərəfdaşlarla aparılır.
Özünün sərfəli coğrafi mövqeyinə baxmayaraq, Azərbaycan beynəlxalq internet mərkəzlərindən uzaqda yerləşir. Onlardan bəziləri Qərbi Avropada yerləşir, bu səbəbdən də Azərbaycan tranzit dövlətlərin trafikindən istifadə etməyə məcburdur ki, bu da onun qiymətini əhəmiyyətli dərəcədə artırır.
Ötürülən trafik həcmlərinin artırılması və onun qiymətinin azaldılmasının daha səmərəli üsulu Avropa və Asiyanı birləşdirən Transmilli magistralın yaradılması yolu ilə əlavə fiberoptik magistral kanalların çəkilməsidir.
"Şərq-Qərb" layihəsinin vəzifəsi ümumilikdə 20 ölkəni birləşdirmək və regionun inkişafı üçün lokomotiv rolunu oynamaqdır. Layihənin realizəsi Qərbi Avropa və Sakit Okean ölkələri arasındakı "uçurumu" aradan qaldırmağa imkan verəcək.