Аzərbaycan, Bakı, 28 iyul /Trend, müxbir H.Vəliyev/
Türkiyə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən bütün layihələri dəstəkləyir. Bu barədə çərşənbə günü Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təşkil olunmuş görüşdə bildirib.
Görüş zamanı Türkiyənin xarici ticarət idarəsinin rəhbəri Azərbaycanda İKT sahəsində layihələrin həyata keçirilməsinə, ümumilikdə Azərbaycanla Türkiyə arasında münasibətlərin gələcək inkişafına Türkiyənin hər cür yardım göstərməyə hazır olduğunu vurğulayaraq bu layihələrə marağını bildirib.
Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov öz növbəsində, Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr - transmilli informasiya supermagistralının inşası, 2012-ci ildə "Azerspace" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması və digər layihələri Türkiyə nümayəndə heyətinin diqqətinə çatdırıb.
İkitərəfli görüşün yekununda fəaliyyəti telekommunikasiya və informasiya texnologiyaları sahəsində münasibətlərin bilavasitə inkişafı ilə bağlı olacaq işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.