...

"Azercell" məvacibli Təcrübə Proqramının keçirildiyini elan edib

Telekommunikasiya Materials 11 Avqust 2010 13:05 (UTC +04:00)
"Azercell Telekom" MMC karyerası haqqında düşünən, iri şirkətin strateji-önəmli layihələrində iştirak etmək istəyən gənclərə məvacibli Təcrübə Proqramı təklif edir. Bu barədə şirkətin məlumatında deyilir.
"Azercell" məvacibli Təcrübə Proqramının keçirildiyini elan edib

Azərbaycan, Bakı, 11 avqust /Trend/

"Azercell Telekom" MMC karyerası haqqında düşünən, iri şirkətin strateji-önəmli layihələrində iştirak etmək istəyən gənclərə məvacibli Təcrübə Proqramı təklif edir. Bu barədə şirkətin məlumatında deyilir.

Proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsində bir çox bilik və bacarıq əldə etmək şansı qazanmış olur. Şirkətin elan etdiyi Təcrübə Proqramı universitetlərin sonuncu kurs tələbələri və məzunlarına öz ideyalarını tətbiq etmək, istedadlarını nümayiş etdirmək üçün gözəl imkan yaradır.
Gələcək karyerasının təməlini indidən qoymaq istəyən gənclər, eyni zamanda, Təcrübə Proqramında elan olunan bir neçə sahəyə müraciət edə bilərlər. Bunun üçün "Azercell"in www.azercell.com saytındakı elektron ərizə formasını göstərilən ünvana göndərmək lazımdır. Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlər növbəti mərhələyə dəvət alırlar.

Təcrübə Proqramı ilə yanaşı, "Azercell" həm də öz biliklərindən əmin olan gənclərin şirkətdə işə düzəlmələrinə də imkan yaradır. Belə ki, şirkətdəki vakant yerlərin siyahısı saytda yerləşdirilir və daim yenilənir. Vakansiyalara müraciət etmək üçün elə saytdaca CV yaratmaq, qeydiyyatdan keçib müraciət anketini doldurmaq mümkündür. Telekommunikasiya sahəsində peşəkar olanlar "Azercell"in köməyi ilə, hətta "TeliaSonera" şirkətlər qrupu daxilində mövcud olan digər vakansiyalarla da tanış ola bilərlər.

Qeyd edək ki, "Azercell" şirkəti Təcrübə Proqramını 2008-ci ildən etibarən həyata keçirir. Bugünədək şirkətdə İKT, marketinq, maliyyə şöbələrində 15 namizəd təcrübə proqramında iştirak edib. Təcrübə Proqramını uğurla bitirən namizədlər daimi vəzifələrə işə alınırlar.

Xəbər lenti

Xəbər lenti