...

Rəqəmsal imza Azərbaycanda elektron kommersiyanın inkişafı üçün platforma olacaq

Telekommunikasiya Materials 16 Mart 2011 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir H.Vəliyev/

Rəqəmsal imza Azərbaycanda elektron kommersiyanın inkişafı üçün platforma olacaq. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elmi potensial və strateji planlaşdırma şöbəsinin direktoru İsfəndiyar Əliyev deyib.

Onun sözlərinə görə, rəqəmsal imzanın əsas üstünlüyü işgüzar münasibətlərin və rabitənin tam elektron formata keçirilməsidir.

Əliyev bildirib ki, Azərbaycanda rəqəmsal imzanın verilməsi elektron hökumət portalının hazırlığından asılıdır. Onun üzərində iş hazırda davam etdirilir.

"Rəqəmsal imzaların verilməsinin infrastrukturuna gəlincə, o, istismara tam hazırdır və ilkin məlumata görə, mərkəzin işi artıq ilin birinci yarısının sonuna başlaya bilər", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda paralel olaraq ödənişli əsasda veriləcək elektron imzaların təqdim edilməsi təcrübəsi öyrənilir.

Layihə "Elektron imza və elekton sənəd" qanununa əsasən Ultra, Azərin və Microsoft-un yerli nümayəndəliyindən ibarət konsorsium tərəfindən həyata keçirilir.

Test işləri də daxil olmaqla, rəqəmsal imzaların açarlarının verilməsi mərkəzinin yaradılmasına orta hesabla üç milyon dollara yaxın vəsait tələb olunur. Azərbaycanda rəqəmsal imzaların verilməsi üzrə üç mərkəz fəaliyyət göstərəcək ki, onlardan ikisi dövlət və özəl strukturların xidmətlərini yerinə yetirəcək, biri isə baş mərkəz olacaq.

Elektron imza xüsusi proqram təminatlı əsas sənədin yaranması hesabına əldə olunan rəmzlərin müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.

Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədlə bərabər tutulur.

Xəbər lenti

Xəbər lenti