...

Azercell Telekom Azərbaycan pavilyonuna dəstək oldu

Telekommunikasiya Materials 3 İyun 2011 10:20 (UTC +04:00)
İyunun 1-də Venesiyada "Biennale 2011" Müasir incəsənət sərgisinin açılışı baş tutub. Bu mötəbər sərgi-forumda Azərbaycan da öz pavilyonunu təqdim edir. Sayca 54-cü "Biennale" sərgisində ölkəmizin iştirakına Azercell Telekom MMC də dəstək verir.
Azercell Telekom Azərbaycan pavilyonuna dəstək oldu

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İyunun 1-də Venesiyada "Biennale 2011" Müasir incəsənət sərgisinin açılışı baş tutub. Bu mötəbər sərgi-forumda Azərbaycan da öz pavilyonunu təqdim edir. Sayca 54-cü "Biennale" sərgisində ölkəmizin iştirakına Azercell Telekom MMC də dəstək verir.

İlk dəfə 1893-cü ildə keçirilən bu festival iki ildən bir dünya sənətkarlarının diqqətini Venesiyaya yönəldir. 2007-ci ildən etibarən azərbaycanlı rəssamlar da öz avanqard əsərləri ilə bu sənət festivalında işlərini nümayiş etdirmək imkanını qazanıblar. Elə həmin il Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sərgidə iştirakı Venesiyada ölkəmizin sənətkarlarına qarşı diqqəti artırıb.

Bu il Azərbaycan artıq üçüncü dəfə Venesiya sərgisi üçün pavilyon hazırlayıb. Festivalın açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva, Arzu Əliyeva, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dünya şöhrətli supermodel Naomi Kambell, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və digər rəsmi şəxslər iştirak ediblər. Onlar Dövlət İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin kuratorluğu ilə hazırlanan pavilyonla yaxından tanış olublar. "Biennale 2011"-də Azərbaycan pavilyonu "Relations of Baku" devizi altında təqdim olunur.

Azercell-in də dəstəyi ilə hazırlanan Azərbaycan pavilyonunun ərsəyə gəlməsində Nuova İcona yaradıcılıq assosiasiyasının direktoru Vittorio Urbani, həmçinin türkiyəli sənətkar Beral Madranın da əməyi keçib. Pavilyonda əsasən altı rəssam - Altay Sadıqzadə, Aydan Salahova, Xanlar Qasımov, Ağa Hüseynov və Mikayıl Əbdürəhmanovun əsərləri nümayiş etdirilir.

Venesiya Biennale-sinin tarixinə adını yazdırmış böyük sənətkarlar sırasında Pikasso, Renuar, Kurbe, Repin, Matiss, Yoko Ono və daha çoxlarının adını çəkmək olar. Bu ilki Biennale-nin kuratoru məşhur art-tənqidçisi Biçe Kuriqerdir. Bu il sərgidə ilk dəfə iştirak edən ölkələr sırasına Andorra, Bəhreyn, Banqladeş, Səudiyyə Ərəbistanı və Haiti qatılıb.

Venesiyada Azercell şirkətini təmsil edən Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə təəssuratlarını bölüşdü: "Sərgi çox yüksək səviyyədə təşkil olunub və bu, Mədəniyyət və Turizm Nazirliyinin əvəzsiz əməyidir. Məmnuniyyətlə deməliyəm ki, bu sərgidə iştirak edib şirkətimizi təmsil etməkdən qürur duyuram! Azercell belə layihələri dəstəkləməyi davam etdirəcək".

Azercellin dəstəklədiyi sosial layihələr sırasında incəsənətin inkişafına yönələnlər xüsusi çəkiyə malikdir. Xatırladaq ki, bu il mayın əvvəlində şirkətin təşəbbüsü ilə "Alış-veriş incəsənətdir" şüarı altında Art Festival baş tutdu. Burada gənc rəssam və heykəltəraşlar öz əsərlərini göstərmək, həmçinin satmaq imkanı qazandılar. Novruz bayramı ərəfəsində Amerikada "Azərbaycan ritmləri" konsertinin təşkili, bayram tədbirlərini keçirilməsi ilə isə okeanın o tayında Azərbaycanın adının növbəti dəfə heyranlıqla çəkilməsinə səbəb oldu. Azercell ölkəmizdə mədəniyyətin inkişafına yönəlmiş tədbirlərin təşkilinə, xüsusilə də Azərbaycan sənətinin beynəlxalq aləmdə yayılmasına köməyini əsrigəmir.

Xəbər lenti

Xəbər lenti