Azərbaycan, Bakı, 9 avqust /Trend/
Azercell şirkəti "İlin Ünsiyyət və PR kampaniyası: İcmalar ilə Əlaqələr" nominasiyasında mükafata layiq görülüb.
2011-ci il iyul ayının 28-də Beynəlxalq Biznes Mükafatı (İnternational Business Awards - Stevie) qaliblərinin siyahısı açıqlanıb. Bu mötəbər müsabiqədə Azərbaycandan olan iştirakçı - "Azercell Telekom" MMC də uğur qazanıb.
"İnternational Business Awards 2011" müsabiqəsinin münsifləri iki aydan çox davam edən araşdırma nəticəsində qaliblərin adlarını müəyyənləşdiriblər və dünya biznes aləmində təlatüm yaradan bu müsabiqənin nəticələrini açıqlayıblar. Gərgin rəqabət şəraitində Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" "İlin Ünsiyyət və PR kampaniyası: İcmalar ilə Əlaqələr" nominasiyası üzrə Beynəlxalq Biznes Mükafatını qazanıb.
Azercell "Mobil Diş klinikası" və "Uşaq Qaynar Xətti" korporativ sosial məsuliyyət layihələri və Şahdağda yerləşdirdiyi külək və günəş enerjisi ilə işləyən stansiyası sayəsində adı çəkilən mükafata layiq görülüb.
Qaliblərə beynəlxalq biznes aləmində nüfuzlu "Stevie" mükafatı təqdim olunacaq. "Stevie" mükafatının adı Stefan sözündən (yunan dilindən tərcüməsi "taclı") götürülüb. 16 sm hündürlüyündə qızıldan hazırlanmış heykəlcik əlində kristal piramidanı yuxarı qaldıran insanı təsvir edir. Mükafatla yanaşı, şirkət müvafiq sertifikat və medalla da təltif olunacaq.
"Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.
Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünya işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" təqdim edilib. Növbəti illərdə uğurlu qadin biznesmenlərə, daha sonra müştəri xidmətləri ilə fərqlənən qurumlara "Stevie" mükafatı təqdim edilib.
"Azercell Telekom" MMC-nin məhz Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində qalib gəlməsi gözlənilən idi. Çünki fəaliyyətdə olduğu müddətdə şirkətin bu sahədə gördüyü işlərin sayı-hesab yoxdur. Azercell hər il sosial layihələrə milyonlarla vəsait ayırır, indiyə qədər bu məbləğin miqdarı 14,7 milyon dolları keçib. Azercell müxtəlif sosial layihələrin reallaşmasına tək maddi deyil, həm də texniki, idarəçilik və s. resurslarının qoyuluşunu təmin edir. Hətta bu ilin iyununda Azercell-in təşəbbüsü ilə ilk dəfə olaraq jurnalistlər üçün KSM-lə bağlı treninq keçirilib. Media nümayəndələrinə həmin sahədə peşəkar məqalələrin hazırlanması ilə əlaqəli təlimlər təşkil olunub.