...

"TeliaSonera" dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu

Telekommunikasiya Materials 26 Yanvar 2012 16:29 (UTC +04:00)
Avropanın lider telekommunikasiya operatoru Davosda keçirilən Dünya İqtisadi Forumunun reytinq cədvəlində 13-cü yeri tutub.
"TeliaSonera" dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Avropanın lider telekommunikasiya operatoru Davosda keçirilən Dünya İqtisadi Forumunun reytinq cədvəlində 13-cü yeri tutub.

Bu gün dünyada 100 ən böyük və dayanıqlı şirkətlərin "Qlobal 100-lük" reytinqi açıqlanıb. "Azercell Telekom" MMC-nin də bir parçası olduğu "TeliaSonera" şirkəti bu reytinq cədvəlində 13-cü yeri tutub.

MMC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, "Qlobal 100-lük" reytinq siyahısı dünən Davosdakı Dünya İqtisadi Forumunda təqdim edilib. "TeliaSonera" ətraf mühit, sosial və idarəçilik riskləri və imkanlarının idarə edilməsi sahəsində yaxşı telekommunikasiya operatoru hesab edilib.

TeliaSonera-nın korporativ məsuliyyət şöbəsinin rəhbəri Eyya Pitkanen reytinq cədvəlində yuxarı pillədə yer tutmasının şirkət üçün mühüm göstərici olduğunu qeyd edib. "Korporativ məsuliyyət sahəsində göstərdiyimiz səylərin qiymətləndirildiyini görmək yaxşı haldır. Bu onu göstərir ki, biz düzgün yoldayıq və işimizə münasibətdə nümayiş etdirdiyimiz məsuliyyət yüksək nəticə verir. Bu cür reytinq, həmçinin bizə yüksək nümunə üçün mühüm bir göstəricidir", - o deyib.

"Qlobal 100-lük" Dünyanın Ən Dayanıqlı Korporasiyaları reytinq cədvəlidir. Bu siyahının əsası 2005-ci ildə "Strategic Value Advisors Inc." adlı beynəlxalq sərmayə-tədqiqat şirkəti və "Corporate Knights Inc." şirkəti tərəfindən birlikdə təsis edilib. Yüzlüyə daxil olan qurumların adları səhmləri birjalara çıxarılan 3500 şirkət arasında seçilir. Xatırladaq ki, "Qlobal 100-lük" cədvəli hər il Davosda Dünya İqtisadi Forumu zamanı təqdim olunur.

"TeliaSonera" 2002-ci ildə Telia (İsveç) ilə Sonera (Finlandiya) şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Şirkət dünyanın bir çox ölkələrində, xüsusilə də Skandinaviya və Baltikyanı ölkələrdə, Avrasiya məkanında, o cümlədən Rusiya, Türkiyə və İspaniyada telekommunikasiya xidmətlərini göstərir. Dünyada ilk dəfə olaraq 4G xidmətlərini istifadəyə buraxan "TeliaSonera", həmçinin beynəlxalq şəbəkə mülkiyyətçisi olmaqla Avropanın aparıcı rabitə xidmətləri təmin edən şirkətdir.

TeliaSonera-nın əsas amalı hər bir kəsə rahat, effektiv və ətraf mühitə zərər vurmadan bir-biri ilə əlaqə saxlamağa yardım etməkdən ibarətdir. Müştərilərə ən yaxşı təcrübəni nümayiş etdirmək, yüksək keyfiyyətli şəbəkə və sərfəli əməliyyatlarla təmin etmək, bazarda ilk yerləri tutmaq TeliaSonera-nın məqsədləri sırasındadır. 20 ildən də az bir müddətdə "TeliaSonera" yerli operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilə bilib.

Xəbər lenti

Xəbər lenti