Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir H.Vəliyev /
Azərbaycan 2012-ci ildə elektron hazırlıq (e-readiness) üzrə BMT-nin dünya reytinqində 96-cı yeri tutub. Trend-in məlumatına görə, bu barədə BMT-nin "E-Government Survey 2012: E-Government for the People" hesabatında deyilir.
Hesabat dövlət xidmətlərinin göstərilməsində İKT-dən istifadə üzrə 190 ölkədə dövlət orqanlarının hazırlığını və imkanlarını qiymətləndirir.
Hesabatda Azərbaycanın elektron hazırlıq indeksi 0,4984 təşkil edir.
Qərbi Asiya regionun üzrə reytinqə İsrail başçılıq edir. Onun ardınca Birləşmiş Ərəb Əmirlikləri (28-ci yer) və Bəhreyn (36-cı yer) gəlir.
Azərbaycan elektron iştirak indeksi (E-participation index) üzrə 27-ci yeri tutur. O, Rumıniyanı, Türkiyəni, Ermənistanı, Belarusu, Bolqarıstanı və başqalarının qabaqlayır.
BMT-nin elektron hazırlıq üzrə hesabatı cəmi 190 ölkəni əhatə edir. TOP-10 reytinqə Koreya başçılıq edir, onun ardınca Niderland və Böyük Britaniya gəlir. Danimarka dördüncü yeri tutur, onun ardınca ABŞ, Fransa, İsveç, Norveç, Finlandiya və Sinqapur gəlir.