...

Azərbaycanın adı "İnternetin düşmənləri" siyahısına daxil edilməyib

Telekommunikasiya Materials 14 Mart 2012 17:16 (UTC +04:00)
"Sərhədsiz Reportyorlar" təşkilatı tərəfindən "İnternetin düşmənləri" adlı illik hesabat dərc edilib.
Azərbaycanın adı "İnternetin düşmənləri" siyahısına daxil edilməyib

Azərbaycan, Bakı, 14 mart /Trend/

"Sərhədsiz Reportyorlar" təşkilatı tərəfindən "İnternetin düşmənləri" adlı illik hesabat dərc edilib. Hər il 12 mart - Beynəlxalq Kiber-Senzuraya qarşı Mübarizə Günü münasibətilə açıqlanan bu hesabatda "İnternetin düşmənləri" və "Nəzarətdə olan" ölkələrin siyahısı hazırlanır və cari vəziyyətə şərhlər verilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hesabatda birinci qrupa 12 ölkə - Bəhreyn, Belarus, Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnam daxil edilib. İkinci qrupda isə Avstraliya, Misir, Eritreya, Fransa, Hindistan, Qazaxıstan, Malayziya, Rusiya, Cənubi Koreya, Şri Lanka, Tayland, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.

Göründüyü kimi, Azərbaycan bu siyahılara daxil deyildir. 72 səhifəlik hesabatda ölkəmizin adı cəmi bir dəfə hesabatın son sətirlərində qeyd olunub və ümumi olaraq bildirilib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onlayn informasiya azadlığının vəziyyəti diqqətdə saxlanılacaq. Bütün bunlara baxmayaraq, bəzi yerli mətbuatda ölkəmizin "İnternetin düşmənləri" siyahısında olduğu barədə yalan məlumat yayılmaqdadır.

Ümumilikdə isə Azərbaycanın adı 2002-ci ildən bəri "İnternetin düşmənləri" siyahısında sadalanmır və ölkəmizdə internetin istifadəsi gündən-günə genişlənir. 2011-ci ilin məlumatlarına əsasən, ölkəmizdə internet istifadəçilərinin sayı 65% yüksəlib və onlardan yarısı genişzolaqlı xidmət istifadəçiləridir. Milli domendə qeydiyyata alınmış saytların sayı 14 minə yaxındır, bloqların sayı minlərlədir, "Facebook" istifadəçilərinin sayı 800 minə çatmaqdadır.

Xəbər lenti

Xəbər lenti