Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace" "Orbital Science Corp." şirkətinin "Star-2 Bus" qabaqcıl platforması bazasında istehsal edilir. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.
Nazirin sözlərinə görə, hazırda bu platformanın bazasında 22 peyk istehsal edilib və uğurla istismar olunur.
"Azərbaycan bu gün digər ölkələrin peyk sistemi obyektlərinin icarəsinə böyük məbləğ xərcləyir. Belə ki, beynəlxalq və şəhərlərarası rabitənin müəyyən hissəsi və respublikadakı radio və televiziya resurslarının əsas hissəsi peyk rabitəsinə əsaslanır", - nazir deyib.
Nazirin sözlərinə görə, Azərbaycan relyefinin 50 faizinin dağ silsilələrindən təşkil olunması və peyk rabitəsi sisteminin daha operativ təşkili üçün imkanlar nəzərə alınmaqla bu xidmətlərə tələbat təqribən 4 dəfə artacaq.
"Buna görə də Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli tətbiqi və orbitə şəxsi geostasionar peyklərin buraxılışı ölkə iqtisadiyyatı üçün böyük töhfə olacaq", - Abbasov deyib.