...

Azərbaycan daşınmaz əmlak üzrə məlumat bazasını elektron formata keçirir

Telekommunikasiya Materials 13 Sentyabr 2012 15:43 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının məlumat bazasını kağız daşıyıcılardan elektron formata keçirir.
Azərbaycan daşınmaz əmlak üzrə məlumat bazasını elektron formata keçirir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının məlumat bazasını kağız daşıyıcılardan elektron formata keçirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komitənin yaydığı məlumatda deyilir.

Komitənin bu istiqamətdə reallaşdırdığı işlər çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi planlaşdırılır ki, bu da əmlak bazarında şəffaflığın daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etimadının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə dövlət qeydiyyatından keçirmələrinə imkan yaradır.

Vətəndaşlar daha asan və rahat şəraitdə vaxtlarına qənaət edərək, istənilən zaman heç bir ünvana müraciət etmədən komitənin emdk.gov.az saytında yaradılmış elektron xidmətlər bölməsi vasitəsilə yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi üçün müraciət edirlər.

Eyni zamanda, hüquqi və fiziki şəxslər daşınmaz əmlak üzərində hüquqlarının məhdudlaşdırılmasına dair arayışlarının (Forma 1) alınması üçün də eyni qayda ilə komitənin elektron xidmətlərindən istifadə edirlər.

Komitəyə artıq daşınmaz əmlakla bağlı çıxarışların və arayışların (Forma 1) verilməsi ilə bağlı 200-ə yaxın elektron müraciət daxil olub.

2012-ci ilin yanvar-avqust aylarında ölkədə 98 minə yaxın əmlaka aid hüquq dövlət qeydiyyatına alınıb. Qeydiyyatdan keçən əmlakların 28 mini ilkin, 70 mini isə təkrar qeydiyyata aiddir.

2012-ci ilin yanvar-avqust ayları ərzində respublika üzrə aparılmış ümumi qeydiyyatın 37 mini (37,4%) Bakı şəhərinin payına düşüb.

2012-ci ilin yanvar-avqust ayları ərzində 92 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Bu müddət ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 71 minə yaxın məhdudiyyət arayışı verilib.

Xəbər lenti

Xəbər lenti