...

Azərbaycanın İT Fondu və İllinoys ştatının maliyyə fondları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Telekommunikasiya Materials 19 Noyabr 2012 16:19 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb.
Azərbaycanın İT Fondu və İllinoys ştatının maliyyə fondları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb.

Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan Abbasov qonağı nazirliyin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb. Bu ilin 6-9 noyabr tarixlərində BMT və Azərbaycanın birgə təşkilatçılığı ilə VII İnternet İdarəçiliyi Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir. Ümumilikdə genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, elektron xidmətlərin daha da genişləndirilməsi, ilk telekommunikasiya peykinin yaxın zamanlarda orbitə buraxılması, eləcə də digər milli və regional layihələrdən söz açan nazir İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti ilə internetin inkişafında "start-up" - kiçik, modern müəssisələrin yaradılmasına güzəştli şərtlərlə dəstək veriləcəyini və bu sahənin daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Ölkəmizin uğurlarını müsbət qarşılayan Maykl Madigan da İllinoys ştatında, o cümlədən Çikaqo şəhərində aparılan işlər barədə məlumat verib.

Görüşdə, həmçinin Azərbaycanın İT Fondu və İllinoys ştatının maliyyə fondları və mərkəzləri arasında gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə spiker lazımi dəstək verəcəyini xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti