...

Azərbaycan və Fransa İKT sahəsində əməkdaşlığın yeni istiqamətini nəzərdən keçirəcəklər

Telekommunikasiya Materials 26 Noyabr 2012 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb. Bu barədə bazar ertəsi Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazir ölkəmizdə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.

Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini bildirən səfir Paskal Mönye "BakuTel-2012" İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində Fransa Milli pavilyonu və orada təmsil olunan Fransa şirkətlərinin iştirakına görə də təşəkkürünü bildirib.

Fransa şirkətlərinin artıq ikinci dəfə "BakuTel"də təmsil olunduğunu və bunun ənənəyə çevrildiyini vurğulayan Mönye Fransa şirkətlərinin növbəti ildə "BakuTel"də iştirakının indidən planlaşdırıldığını, şirkətlərimiz arasında gələcək investisiya imkanlarının məhz bu platformada dəyərləndirilməsindən daha müsbət nəticələrin gözlənildiyini qeyd edib.

Səfir, həmçinin Azərbaycanın ilk süni peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevral ayında Fransanın "Ariane Space" şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacağı və geostasionar orbitə çıxarılacağında Fransa şirkətlərinin iştirakından məmnunluğunu, ilk peykin buraxılmasına Fransa maliyyə təsisatlarının töhfə verdiyini, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını, aşağı orbitli telekkomunikasiya peyklərinin buraxılmasında, həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində Fransa şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.

Nazir də öz növbəsində Fransa şirkətlərinə məxsus yüksək texnologiyaların tətbiqi ilə ilk peykimizin buraxılmasının Azərbaycana gələcəkdə yeni güc verəcəyini, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərdə yeni bir əməkdaşlığın təməlini qoyacağını qeyd edib.

Görüşdə 2010-cu ildə Parisdə imzalanmış "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fransa Respublikasının Sənaye Nazirliyi arasında innovasiya sahəsində əməkdaşlığa dair Saziş"ə yeni düzəlişlər edilərək, növbəti ildə yenidən imzalanması, həmin dövrdə ikinci "Fransa-Azərbaycan İKT Forumu"nun keçirilməsi də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti