Azərbaycan, Bakı, 24 oktyabr /Trend E.Əliyev/
Azərbaycanın "Bakinity", "BestComp Group" və "Bestel" şirkətləri "Əqli mülkiyyət hüquqlarının qorunması Bəyənnaməsi"ni imzalayıblar. Bu barədə Microsoft Azerbaijan şirkətindən Trend-ə daxil olan məlumatda bildirilir.
Bəyənnaməyə əsasən, şirkətlər sifarişçiləri və müştəriləri yalnız lisenziyalı proqram məhsullarla təchiz etməlidirlər, lisenziyasız proqram təminatının yayılması və istifadəsi isə qanunsuz və şirkətlərin əqli mülkiyyət hüquqlarının pozulması kimi hesab olunur.
"Microsoft Azerbaijan" şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib: "Kompyuter piratçılığının iqtisadiyyatı inkişafına və yeni iş yerlərinin açılmasına maneə yaratdığını nəzərə alsaq, piratçılığın səviyyəsinin azaldılması və lisenziyalı proqram təminatının istifadəsi yalnız düzgün seçim deyil, həmçinin milli iqtisadiyyatın artımının vacib amillərindəndir. Bütövlükdə, piratçılığın qarşısının alınması "Microsoft"un prioritet istiqamətlərindən biridir".
"Bakinity" şirkətinin baş direktoru Eldar Qəmbərov vurğulayıb: "Əqli mülkiyyət hüquqlarının qorunması yerli kompyuter avadanlığı və proqram təminatı bazarının inkişafına yol açacaq və ümumiyyətlə ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir edəcək".
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən İT şirkətləri kompyuter piratçılığının ölkəyə vurduğu ziyanı dərk edərək, saxta məhsulların yayımı və istifadəsinə açıq şəkildə qarşı çıxırlar. Bu addım informasiya texnologiyaları bazarının və ümumiyyətlə iqtisadiyyatın inkişafına yol açacaq. "Bakinity", "BestComp Group" və "Bestel" şirkətləri tərəfindən sözügedən bəyannamənin imzalanması müəllif hüquqlarına hörmət edən digər şirkətlərə nümunə olacaq və ölkədə piratçıılq probleminin həllində əsas rol oynayacaq.
IDC və BSA-nın tədqiqatına əsasən, Azərbaycanda kompyuter piratçılığı təhlükəli səviyyədədir və 87% təşkil edir. Bu yaxınlarda BSA və INSEAD tərəfindən aparılan birgə tədqiqat onu göstərib ki, lisenziyalı proqram təminatı bazarının artımı saxta proqram təminatı bazarının həcminin analoji artması ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha müsbət təsir göstərəcək. Lisenziyalı proqram təminatı bazarının 1% artması milli istehsalın 38 mln. ABŞ dolları artmasına gətirib çıxaracaq. Halbuki saxta proqram təminatı bazarının analoji artımı milli istehsalın cəmi 19 mln. dollar artmasını təmin edir. Göründüyü kimi, lisenziyalı proqram təminatı bazarının 1%-lik inkişafı əlavə 19 mln. dollar iqtisadi mənfəətin əldə olunmasını təmin edə bilər. Bununla yanaşı, Azərbaycanda lisenziyalı proqram təminatına yatırılan hər əlavə 1 dollar 380 dollar həcmində investisiyanın geri qaytarılmasına (ROI) və ÜDM-in artmasının stimullaşdırılmasına səbəb olur. Müqayisə üçün, pirat proqram təminatında bu rəqəm 28 dollara bərabərdir.