...

Azərbaycan və Macarıstan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Telekommunikasiya Materials 9 Noyabr 2013 15:53 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri xanım Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Azərbaycan və Macarıstan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri xanım Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, iki gün davam edən səfər Macarıstanın Vezprem şəhərindən başlayıb. Azərbaycanlı nazir burada yerləşən və əsasən informasiya texnologiyaları üzrə ixtisaslaşan Pannoniya Universitetinin qonağı olub. Universitetin rektoru professor Ferens Friendler ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, əsas tədris və tədqiqat istiqamətləri barədə geniş məlumat verib. Pannoniya Universitetinin təcrübə və potensialından Bakıda qurulmasına başlanan İnformasiya Texnologiyaları Universitetində istifadə olunması məsələsi universitet rəhbərliyi və fakültə dekanları ilə görüşdə müzakirə edilib.

Sonra nazir Ə.Abbasov tələbə və müəllim heyəti qarşısında "İnformasiya və kommunikasiya texnologiyalarının qlobal inkişaf istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib. Maraqla qarşılanan mühazirədən sonra o, universitet əməkdaşlarının çoxsaylı suallarına cavab verib. Rektor F.Friendler Ə.Abbasovun informasiya texnologiyaları sahəsindəki mühüm xidmətlərini yüksək qiymətləndirərək Pannoniya Universiteti Elmi Şurasının qərarı ilə ona universitetin xatirə medalını təqdim edib.

Macarıstanın İqtisadi İnkişaf Nazirliyində isə J.Nemet və Ə.Abbasov arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlərin bir sıra əsas aspektləri, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti Bakı toplantısına qədər əməkdaşlığın başlıca istiqamətləri ilə bağlı protokolun hazırlanması qərara alınıb. Ə.Abbasov macar həmkarını bu il dekabrın əvvəlində Bakıda keçiriləcək "BakuTel" beynəlxalq sərgisinə dəvət edib.

Səfər çərçivəsində nazir Ə.Abbasov Avropanın mühüm informasiya texnologiyası mərkəzlərindən biri sayılan Budapeştin "CERN@WIGNER Data Center" mərkəzində olub. Mərkəzin direktoru Peter Levai və layihə meneceri Qabor Petö bu mühüm "beyin mərkəzi"nin iş prinsipləri və imkanları haqqında məlumat verib, qonağı ən müasir standartlar əsasında qurulmuş maşın zalının işi və funksiyaları ilə tanış ediblər.

Macarıstan İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Vilmoş Valyu-Nad, Macarıstanın Azərbayvandakı səfiri Jolt Çutora və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də səfər proqramında iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti