Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Axundov/
2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elektron xidmətlərindən 700 minə yaxın insan istifadə edib. Trend-in məlumatına görə, bu barədə fondun sədri Elman Mehdiyev yeni - sığortaçıların onlayn rejimdə uçotu elektron xidmətinin təqdimatı zamanı bildirib.
Beləliklə, fondun təqdim etdiyi elektron xidmətlərin sayı 19-dək artıb. Fondun xidmətlərindən idarənin saytından (www.dsmf.gov.az) və elektron hökumət (www.e-gov.az) portalından yararlanmaq olar.
E.Mehdiyevin sözlərinə görə, "Sığortaçıların məlumatlandırılması", "Sığortaçının uçot nömrəsinin müəyyən edilməsi", "Pensiya kalkulyatoru" fondun daha populyar elektron xidmətləridir.
Bundan başqa, onun sözlərinə görə, ötən il iyulun 11-dən fond yaşa görə əmək pensiyalarının avtomatik hesablanması xidmətinə başlayıb və o zamandan 1200-dən artıq pensiyaçı üçün pensiya təyin edilib.
Onun sözlərinə görə, DSMF-nin xidmətləri elektron hökumət portalında ən populyar xidmətlərdən biridir.