Bakı. Trend:
Azərbaycan ilə Gürcüstan Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Bakı şəhərinin və digər rayonların ərazisində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması, Gürcüstana Azərbaycan tərəfindən yükdaşımaların həcminin artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycana boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında eyni şəraitin yaradılması məsələsinin hər iki ölkənin gömrük orqanları ilə müzakirə edilməsi təklif edilib.
Sonda qeyd edilən, həmçinin aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq protokol imzalanıb.