...

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Telekommunikasiya Materials 21 Fevral 2020 12:06 (UTC +04:00)
Bu il martın 2-6-da Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Bakı. Nərgiz İsmayılova - Trend:

Bu il martın 2-6-da Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Kibertəhlükəsizlik həftəsi”nə həsr olunmuş mətbuat konfransında deyilib.

Qeyd olunur ki, "Kibertəhlükəsizlik həftəsi”nin keçirilməsi bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin təşkili nəzərdə tutulur.

İlk tədbir martın 2-də baş tutacaq “Kibertəhlükəsizlik konfransı” olacaq. Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Microsoft”, “IS3S”, “Prosol”, “Kaspersky” şirkətlərinin tərəfdaşlığı ilə keçiriləcək “Kibertəhlükəsizlik konfransı”nda günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək. Tədbir sual-cavab sessiyaları, habelə müzakirələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi “Cyber village” sərgisi baş tutacaq.

Martın 3-də “Təhlükəsiz Hökumət Buludu” tədbiri baş tutacaq. “AzInTelecom” MMC tərəfindən təşkil ediləcək “Hökumət Buludu” layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar diqqətə çatdırılacaq. Bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat veriləcək. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində biliklərin və bacarıqların paylaşılması nəzərdə tutulur. “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

Martın 3-də keçiriləcək növbəti tədbir dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün Pentestinq, yəni nüfuz üzrə praktiki seminar olacaq. Nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə reallaşacaq seminarı tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin aparacaq. Seminarda “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək.

Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək. Tədbirdə daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 4-də, həmçinin “Hackathon” (Capture the Flag) müsabiqəsinə start veriləcək. Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, İnnovasiyalar Agentliyinin tərəfdaşlığı ilə keçiriləcək müsabiqə çərçivəsində iştirakçılara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Prosol”, “E&Y” və lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə 5 mart tarixində “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri baş tutacaq. Burada yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Requlation – “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinləniləcək. Bununla yanaşı, ölkəmizdə sahə üzrə mövcud vəziyyət və həyata keçirilmiş islahatlarla bağlı məlumat veriləcək.

Martın 5-də Azərbaycan Standartlaşdırma İnstitutunun və İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə Kibertəhlükəsizlik üzrə Beynəlxalq Sertifikatlaşdırma təlimi də keçiriləcək. Bir həftə davam edəcək təlim çərçivəsində “İSO/İEC 27001 – İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələbləri və tətbiq üsulları yerli mütəxəssislərə öyrədiləcək.

Martın 6-da “Hackathon” müsabiqəsi üzrə mükafatlandırma mərasimi təşkil olunacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim ediləcək. Bununla da “Kibertəhlükəsizlik həftəsi”nə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti