Bakı. Trend:
Çox yaxında Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkilişi üzrə işlər başlayacaq.
Trend bazar ertəsi xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel "Azərbaycan-Qazaxıstan münasibətləri: regional əməkdaşlıq" mövzusunda dəyirmi masada deyib.
"Tezliklə bu layihə üzrə praktiki işlər başlayacaq. Bütün bunlar ölkələrin telekommunikasiya azadlığı və informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də bütün regionun iqtisadi inkişafı üçün edilir", - deyə o qeyd edib.
Səfir qeyd edib ki, Qazaxıstan Azərbaycanla həm ikitərəfli qaydada, həm də geniş regional tərəfdaşlıq kontekstində əməkdaşlığı nəzərdən keçirir.
"Azərbaycan və Qazaxıstan regionun çox mühüm ölkələridir. Biz Xəzər dənizinin qərb və şərq sahillərində yerləşirik. Həm Qazaxıstan, həm də Azərbaycan regionda müvafiq resurslara malik məsuliyyətli, təşəbbüskar oyunçulardır. Bu səbəbdən düşünürəm ki, regionda əməkdaşlığa görə bizim üzərimizə böyük məsuliyyət düşür", - deyə səfir əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)