Bakı. Trend:
Bakı şəhərində və regionlarda, o cümlədən ucqar kəndlərdə yüksəksürətli sabit genişzolaqlı internet xidmətlərinin əhatə dairəsinin və xidmət keyfiyyətinin artırılması, əhalinin internetə çıxışının təmin edilməsi istiqamətində "Onlayn Azərbaycan" layihəsi davam etdirilir.
Trend xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
S.Məmmədov qeyd edib ki, görülmüş işlər çərçivəsində 2 milyondan artıq ev təsərrüfatı ve biznes subyekti yüksəksürətli genişzolaqlı internet xidmətləri ilə təmin edilib. Bununla da ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin təxminən 70 faizi yüksəksürətli genişzolaqlı internetlə əhatə olunub.
"İşğaldan azad edilmiş ərazilərdə yaşayış təmin edilmiş məntəqələrdə və iş yerlərində, binalarda, təhsil və səhiyyə mərkəzlərində rabitə xidmətlərinə çıxış təmin edilib. Şuşa - Xankəndi, Xankəndi - Xocalı, Ağdam - Xocalı - Xankəndi, Ağdam - Bərdə, Beyləqan - Füzuli - Şuşa, Horadiz - Şükürbəyli, Xocavənd - Xankəndi arasında magistral fiber-optik kabel xətləri çəkilib və ya bu istiqamətdə işlərə başlanılıb", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdə mobil rabitə şəbəkələrinin, o cümlədən dördüncü nəsil LTE baza stansiyalarının quraşdırılması istiqamətində işlər davam etdirilir: “Qeyd olunan ərazilərdə ümumilikdə 300 ədədə yaxın mobil radio-baza stansiyası fəaliyyət göstərir. Nəticədə işğaldan azad olunmuş əraziləri 2G şəbəkəsi 90 faiz, 3G şəbəkəsi 87 faiz, 4G şəbəkəsi isə 79 faiz əhatə edir”.
