Bakı. Trend:
Bu ilin sonuna qədər vətəndaşlara fiziki şəkildə göstərilən xidmətlərin 15 faizi rəqəmsallaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "mygov" rəqəmsal hökumət platformasının yenilənmiş versiyasının təqdimatında bildirib.
Onun sözlərinə görə, "mygov" vasitəsilə vətəndaşlar şəxsi məlumatlarına daxil ola, onları yeniləyə, vacib bildirişləri izləyə və gündəlik prosesləri bir neçə kliklə avtomatlaşdıra bilərlər. Bu, daha şəffaf və istifadəçi yönümlü rəqəmsal ekosistemin inkişafına kömək edəcək, ofis ziyarətlərini və mürəkkəb kağız işlərini aradan qaldıracaq.
“Məqsədlərimizə uyğun olaraq, ilin sonuna qədər vətəndaşlara fiziki formatda göstərilən xidmətlərin 15 faizini rəqəmsallaşdırılmağı planlaşdırırıq”, - o əlavə edib.
O, Azərbaycanın rəqəmsal inkişafda 3 əsas istiqamətə – rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznesə əsaslandığını qeyd edib.
"Əsas məqsəd rəqəmsallaşmanın miqyasını genişləndirərək həyatın bütün sahələrinin daha effektiv işləməsini təmin etməkdir. Rəqəmsal hökumət yaradılması dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasına yönəlib", – o əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust dövründə Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 2,237 milyard manat dəyərində xidmətlər göstərilib.