...

Braziliya Azərbaycanla rəqəmsal əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasını nəzərdən keçirir (ÖZƏL)

Telekommunikasiya Materials 26 Noyabr 2025 10:47 (UTC +04:00)
Braziliya Azərbaycanla rəqəmsal əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasını nəzərdən keçirir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların rəqəmsal ekosistemə effektiv inteqrasiyasını təşviq edən konkret sahələr üzrə Braziliya və Azərbaycan arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumunun (MoU) imzalanması məqsədəuyğundur.

Bunu Trend-ə müsahibəsində Braziliya Milli Telekommunikasiya Agentliyinin (ANATEL) İstehlakçılarla İş Bürosunun rəhbəri Kristina Kamarate Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) çərçivəsində deyib.

O, əvvəlcə qeyd edib ki, Braziliya WTDC-25 çərçivəsində təcrübə mübadiləsi aparır və üzv ölkələr olaraq telekommunikasiya əlaqələrinə qoşulmamış əhalini əlaqəyə cəlb etmək üçün potensialın inkişafı imkanlarını nəzərdən keçirirlər:

"Son bir neçə il ərzində universal bağlantı istiqamətində fəal şəkildə çalışmışıq və artıq müəyyən irəliləyişlərə nail olmuşuq. Bununla yanaşı, hələ görüləsi çox iş var".

Braziliya rəsmisi vurğulayıb ki, hazırda əsas prioritet mənalı bağlantının təmin edilməsidir və bu məsələ Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) mərkəzi mövzusunu təşkil edir:

"Mənalı bağlantı dedikdə rəqəmsal bacarıqların inkişafı, uşaqların onlayn mühitdə qorunması, kibertəhlükəsizliyin gücləndirilməsi, eləcə də yeni və yaranan texnologiyaların tələb etdiyi rəqəmsal transformasiya proseslərinə uyğunlaşma nəzərdə tutulur.

Bu konfrans çərçivəsində əsas çağırışlarımızdan biri WTDC-də konsensusun əldə olunmasıdır və mən əminəm ki, bu konsensusa nail olacağıq. Azərbaycanı simvolizə edən külək və od, eləcə də bu kollektiv iddialı məqsədə çatmaq yolunda bizə yol göstərəcək".

Kristina Kamarate Braziliya və Azərbaycan arasında telekommunikasiya əlaqələrinin inkişafı üzrə perspektivlərdən də bəhs edib:

"Braziliya ilə Azərbaycan arasında çox yaxın münasibətlər mövcuddur və biz spektrin idarə edilməsi, eləcə də əhalinin rəqəmsal bacarıqlarının artırılması sahəsində geniş təcrübə mübadiləsi apara bilərik. Son illərdə ölkələrimiz arasında formalaşmış bu sıx əməkdaşlıq münasibətləri gələcəkdə də daha da möhkəmlənəcək və inkişaf edəcək.

Hətta düşünürəm ki, vətəndaşlarımızın daha effektiv şəkildə rəqəmsal ekosistemə tam və effektiv inteqrasiya olunmasına kömək edəcək konkret məsələlər üzrə əməkdaşlıq üçün Anlaşma Memorandumunun (MoU) imzalanması da mümkün və məqsədəuyğun ola bilər".

Kristina Kamarate Azərbaycanla bağlı təəssüratlarını da bölüşüb:

"Bazar gününü ölkənizi yaxından tanımağa həsr etmək fürsətimiz oldu. Yanardağa, Atəşgaha və İçərişəhərə baş çəkdim və şəhərdən həqiqətən böyük zövq aldım. Son iki həftə ərzində Bakı mənim üçün ikinci evə çevrilib və burada özümü doğma mühitdə hiss edirəm.

Azərbaycan xalqına səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu möhtəşəm və cazibədar şəhərdə belə bir konfransa ev sahibliyi etdiyiniz üçün minnətdaram. Yeməkləriniz çox ləzzətlidir, insanlar isə son dərəcə nəzakətli və qonaqpərvərdir. Burada keçirdiyim vaxtdan həqiqətən böyük məmnuniyyət duyuram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti