Bakı.Trend:
Yaxın Şərq regionunda lüks hotellər üzrə Wi-Fi performansını araşdırmışıq.
Trend xəbər verir ki, bunu "Ookla" şirkətinin Yaxın Şərq və Afrika bölgəsi üzrə vitse-prezidenti Tristan Muhader bu gün Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.
Şirkət rəsmisi qeyd edib ki, təhlil edilən 22 lüks oteldən cəmi
üçü saniyədə 300 meqabitdən yuxarı yükləmə sürətinə nail olub:
“Yalnız 41 faizi 50–100 meqabit/saniyə aralığında median sürət
təqdim edib. Təxminən yarısı isə 50 meqabit/saniyədən aşağı nəticə
göstərib. Bu isə “Ookla”nın qlobal indeksində genişzolaqlı bağlantı
üzrə dünya liderləri sırasında yer alan ölkələrdə belə müşahidə
olunub. Sorğular göstərir ki, qonaqların yarıdan çoxu qənaətbəxş
Wi-Fi üçün hotel və ya məkanda ən azı 50 meqabit/saniyə sürət
gözləyir. Həmçinin qonaqlar təhlükəsizliyə də getdikcə daha çox
önəm verirlər. Daha əvvəl də gördük ki, Wi-Fi hotel seçimi zamanı
əsas amildir və kibertəhlükəsizlik də ona çox yaxın ikinci yerdə
gəlir”.
O qeyd edib ki, “Ookla” eyni şəkildə Bakıda beşulduzlu hotellər üzrə Wi-Fi performansını da araşdırıb:
“Bu nəticələr qonaqların hotellərin otaqlarında, lobbidə, idman zalında apardıqları Speedtest ölçmələrinə əsaslanır. Nəticələr əvvəlki slaydda gördüyümüz regional göstəricilərlə uyğunluq təşkil edir.
İlk növbədə, eyni kateqoriyaya aid, yəni hamısı beşulduzlu hotellər arasında Wi-Fi performansında ciddi fərqlər mövcuddur. İndiyədək iki mühüm reallıq gördük. Bir tərəfdən, bağlantı müasir qonaqpərvərlik təcrübəsinin missiya baxımından kritik dayağına çevrilir. Digər tərəfdən isə, real şəraitdə performans hələ də qonaqların gözləntilərindən geri qalır”.
Tristan Muhader əlavə edib ki, yoxlanıla bilən bağlantı hotel Wi-Fi-sini iqtisadi aktivə çevirir, daha yaxşı qonaq təcrübəsi, daha güclü biznes nəticələri və milli turizm rəqabətqabiliyyətliliyinin artması üçün imkan yaradır.
