Azərbaycan, Bakı/ Trend / Azərbaycanın iri mobil rabitə operatoru Azercell Telecom BM çərşənbə axşamından etibarən "ŞirkətimCELL" fakturalı xətt abonentləri üçün yeni tarif paketi təqdim edir. "ŞirkətimCELL" tarifləri 14 fevral 2006-cı ildən abonentlərin istifadəsinə verilib.
Şirkətin mətbuat xidmətindən venrilən məlumata görə, bu tariflərin əsas məqsədi "Azercell Telekom" BM-in korporativ müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış, endirimli tarifləri özündə cəmləşdirən yüksək keyfiyyətli rabitə xidmətini təqdim etməkdir.
Yeni güzəşt paketləri "ŞirkətimCELL" abonentlərinə 40 %-ə qədər güzəştlə danışmağa imkan verir. Güzəşt paketlərinə qoşulmaq istəyən "ŞirkətimCELL" fakturalı xətt abonentləri olan müəssisə və təşkilatlar "Azercell Telekom" BM-ə rəsmi məktubla müraciət edərək öz tələbatlarına uyğun bildikləri güzəşt paketini ("Qızıl", "Gümüş", "Bürünc") seçə bilərlər.
Güzəşt paketləri cədvəldə göstərilən miqdarda aylıq danışıq vaxtı, SMS və GPRS imkanı qazandırır.
Aylıq nominalın dəyəri(ƏDV xaric) | Azercell şəbəkəsi daxilində danışıq | SMS | GPRS (MB) |
"Qızıl" paket (100 AZN) | 1300 dəqiqə | 100 | 5 |
"Gümüş" paket (50 AZN) | 600 dəqiqə | 50 | 2.5 |
"Bürünc" paket (20 AZN) | 220 dəqiqə | 20 | 1 |
Hazırda Azercell BM-in abonentlərinin sayı təqribən 2,5 mln. nəfərdir. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 78, respublika əhalisinin isə 99 faizini təşkil edir.
1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir.
Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.