Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Mərkəzi Bankı (AMB) yeni inzibati binasında inşa ediləcək Tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində ("Cash Center") "Nağd pulun İdarə Edilməsi Sistemləri"nin (MHS) təchizatı və quraşdırılması üçün əsas podratçının müəyyən edilməsi ilə bağlı təkliflər sorğusu elan edib. Bu barədə cümə axşamı Trend-ə Tender Komissiyasından məlumat verilib.
AMB üçün yaradılacaq MHS sistemi özündə aşağıdakı komponentləri əks etdirməlidir: xəzinədə avtomatlaşdırılmış saxlanc-qaytarma sistemi (AS/RS); xəzinədə yarım avro paleti həcmində konteynerlərin idarə edilməsi üçün dörd səviyyəli stellaj-saxlama sistemi; xəzinədə mədaxil-məxaric stansiyaları (P/D); yarım avro ölçülü şəffaf koneynerlər; avtomatik idarə olunan daşıyıcı robot sistemləri (AGVS); robot qablaşdırıcı sistemlər; bağlamalar üçün konveyer sistemi; palet daşıyan arabalar, avtokarlar və avtomatlaşdırılmamış xəzinə üçün paletlər; statik stellajlar; AMB-nin "Nağd pulun İdarəetmə İnformasiya Sistemi"nə (CMS) interfeys ediləcək avadanlığa nəzarət sistemi (EMS).
İddiaçılar göstərilən kriteriyalara cavab verməlidirlər: minimum bir mərkəzi bankda həmin xidmətləri göstərmiş olmalı; müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı; son iki maliyyə ili ərzində illik dövriyyəsi minimum 10 milyon avro təşkil etməli; göstərilən şərtlərin hər birini icra edə biləcək texniki və insan resurslarına, eləcə də müvafiq təcrübəyə malik olmalıdır.
İddiaçılar ixtisas uyğunluğuna dair "Ərizə forması"nı 01.03.2012-ci il, saat 17:00-a qədər AMB-nin inzibati binasından və ya elektron poçt ilə [email protected] ünvanında qeydiyyatdan keçməklə elektron variantda əldə edə bilərlər. Bu tarix/saatdan sonra heç bir sənəd təqdim edilməyəcək.
İxtisas uyğunluğuna dair tamamlanmış "Ərizə forması" və digər sənədlərlə birgə 06.04.2012-ci il, saat 18:00-dək möhürlənmiş zərfdə (şəxsən və ya qeydiyyatdan keçmiş poçt vasitəsilə) AMB-nin ünvanına çatdırılmalıdır.
İxtisas uyğunluğu sənədlərinin açılışı 09.04.2012-ci il tarixində saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək.
Təkliflər sorğusu ilə bağlı ətraflı məlumat almaq üçün əlaqələndirici şəxsə (Surxay Həsənov, +994(12) 493-11-22 (daxili nömrə 508) nömrəli telefon və ya [email protected] elektron poçt ünvanı vasitəsilə) müraciət etmək olar.