Bakı. Trend:
Turizm şirkəti vasitəsilə səfərə çıxacaq şəxsin mütləq səfər sığortası olmalıdır.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, istər xarici, istər daxili turlarda hər bir tur iştirakçının səyahət sığortası olmalıdır.
"Səfər sığortası tur zamanı baş verə biləcək bədbəxt hadisələr zamanı maddi zərəri qarşılayır. Çox təəssüf ki, əsasən ölkədaxili turlarla məşğul olan şirkətlər müştəriləri səyahət sığortası etməkdə maraqlı deyil. Şirkətlər buna səbəb kimi turların bir günlük və ucuz olmasını göstərirlər. Səyahət sığortası olacağı təqdirdə turun da bahalaşacağı qaçılmaz olur".
Ə.Qurbanov bildirib ki, vətəndaşlar ilk növbədə qiyməti yox, səyahəti təşkil edən turizm şirkətinin nə qədər peşəkar olduğunu nəzərə almalıdırlar.
"Ölkədə qeyri-qanuni turizm fəaliyyəti göstərən şəxslər var. Belə şəxslərə səyahətinizi etibar etməyin. Turla səfərə çıxan hər kəs özü şirkətdən səyahət sığortası tələb etməli və bunda maraqlı olmalıdır", - Turizm Assosiasiyasının sədri deyib.