Bakı. Trend:
Avropanın aparıcı təyyarə istehsalçısı “Airbus” iyul ayında cəmi 7 təyyarə sifarişi qəbul edib ki, bu da iyun ayında qeydə alınan 207 sifarişlə müqayisədə 29 dəfə azdır.
Trend xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.
İlin əvvəlindən etibarən “Airbus” ümumilikdə 501 təyyarə sifarişi alıb. Lakin ləğv olunan sifarişlər nəzərə alındıqda bu rəqəm 405-ə düşür.
Şirkətin müştərilərinə iyul ayında təyyarə təhvilləri isə 6,3% artaraq 67 ədədə çatıb. İlin əvvəlindən ümumilikdə 373 təyyarə təhvil verilib.
Qeyd edək ki, “Airbus” dünyada ən böyük aviasiya, kosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkətə sərnişin təyyarələri istehsal edən “Airbus SAS”, müdafiə və kosmik sahələrdə fəaliyyət göstərən “Airbus Defence and Space” və helikopter istehsalı üzrə “Airbus Helicopters” bölmələri daxildir.