Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir İ.İsabalayeva/
"Eurovision Mahnı Müsabiqəsi-2012" ilə əlaqədar Azərbaycana gələcək turistlər üçün xüsusi sorğu mərkəzi yaradılıb.
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Sorğu məlumat sexinin rəisi Əhliman İsmayılov çərşənbə axşamı Trend-ə bildirib ki, sorğu məlumat sexinin xüsusi kabinet-mərkəzi artıq fəaliyyətə başlayıb. Mərkəz ingilisdilli turistlərin sorğularını ingilis dilində cavablandıracaq.
"Qonaqlar bu mərkəzə bütün istiqamətlər üzrə sorğu ilə müraciət edə bilərlər. Onların şəhərin infrastrukturu - mədəniyyət ocaqları, hava limanı, nəqliyyat, avtovağzal, hoteller, mehmanxana və s. barədə sualları operativ cavablandırılacaq. Bir sözlə, onları nə maraqlandırırsa, bu mərkəzdən ona cavab ala biləcəklər", - İsmayılov əlavə edib.
Onun sözlərinə görə, "Eurovision Mahnı Müsabiqəsi-2012" zamanı sorğuya müraciət edənlərin sayının çox olacağı gözlənilsə də, bütün sorğuların cavablandırılmasına imkan olacaq.
İsmayılov əlavə edib ki, "Eurovision Mahnı Müsabiqəsi-2012" başa çatdıqdan sonra sorğu mərkəzi fəaliyyətini dayandıracaq. Müsabiqə mayın 26-da başa çatacaq, mayın 31-də isə mərkəzin fəaliyyəti dayandırılacaq.