...

ABŞ RF-nin Azərbaycandakı RLS-dən birgə istifadə etmək təklifi ilə razılaşmayacaq

Nəzər nöqtəsi Materials 17 Fevral 2009 11:20
ABŞ RF-nin Azərbaycandakı RLS-dən birgə istifadə etmək təklifi ilə razılaşmayacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 fevral / Trend

, müxbir E.Tariverdiyev/ Rusiya dəfələrlə ABŞ-a Qəbələ Radiolokasiya stansiyasından (RLS) birlikdə istifadə etmək təklifi etsə də, ekspertlər ABŞ administrasiyasının bununla razılaşacağına şübhə ilə yanaşır.

"Obama administrasiyası Azərbaycandakı Raket Əleyhinə Müdafiə (RƏM) sistemindən istifadə etməyəcək, çünki Obama Buş adminsitrasiyasından fərqli olaraq, ümumilikdə ballistik RƏM-in səmərəliliyinə bədbin fikirlərlə yanaşır", - Qafqaz üzrə amerikalı ekspert Mark Katz bildirib.

"Rusiyanın ABŞ və Aİ-yə cənubdan raket təhlükələrinə qarşı birgə mübarizə təklifindən yararlanmaq hələ gec deyil", - bazar günü Spiegel jurnalına müsahibsəində RF XİN rəhbəri Sergey Lavrov deyib.

"Rusiya və Azərbaycan ərazisində radar stansiyalarının yerləşdirilməsi ilə cənub tərəfdən istənilən raket təhlükəsini izləmək imkanı verəcək radar zənciri yaratmaq olar. Bu ABŞ tərəfindən birtərəfli şəkildə hazırlanmış planlara alternativdir", - Lavrov bildirib.

Qərbin siyasi elitasının nümayəndələri artıq bir neçə dəfə ABŞ və Rusiyanın birgə RƏM sistemindən, eləcə də Qəbələ RLS-dən istifadəsinin mümkünlüyü haqda fikirlər bildirib.

Dekabrın sonunda ABŞ senatının beynəlxalq işlər komitəsinin vitse-prezidenti Riçard Luqar özünün Moskvaya səfəri zamanı Rusiyanın Azərbaycanda RƏM sisteminin yerləşdirilməsi təşəbbüsünə daha diqqətlə yanaşmağın vacib olduğunu bildirib. "Yeni seçilmiş prezident Barak Obama ABŞ-ın Avropada RƏM sistemi elementlərinin yerləşdirilməsi üzrə layihədən imtina etməyəcək", - Luqar cümə axşamı "Exo Moskvı" radiostansiyasının efirində bildirib.

"Ola bilər ki, Rusiyanın Azərbaycanda məntəqə (Qəbələ RLS) yerləşdirmək təşəbbüsü variant kimi nəzərdən keçiriləcək", - Luqar deyib.

"Aİ-yə qarşı raketlərdən istifadə etmək ehtimalı olan İran tərəfinin mümkün hücumundan müdafiə sistemi həm Rusiya, həm də bütövlükdə Aİ-nın maraq dairəsindədir", - "Exo Moskvı" radiostansiyasına fevralın 12-dəki müsahibəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana deyib. Onun sözlərinə görə, əvvəlcə bu məsələ barədə Rusiya və NATO arasında müqavilə imzalanmalıdır. "Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır", - Solana əlavə edib.

Təhlükəsizlik üzrə ekspertlər Qəbələ RLS-dən istifadə ehtimallını aşağı hesab edir. Buna səbəb kimi onlar yeni ABŞ administrasiyasının Rusiya ilə münaqişəyə getmək niyyətinə şübhə ilə yanaşırlar.

"Obama administrasiyasının Azərbaycanda RƏM sistemi qurmaq şansı çox azdır", - təhlükəsizlik üzrə amerikalı ekspertYannis Stivaçtis bildirib.

O hesab edir ki, yeni seçilmiş Obama, öz seçkiqabağı kampaniyası zamanı aşkar şəkildə büruzə verib ki, ABŞ-ın yeni administrasiyası Rusiya ilə münaqişə yox, diplomatik münasibətlərin yaxşılaşmasına nail olmağa çalışacaq..

"ABŞ-ın Azərbaycanda RƏM sistemi qurmaq niyyəti isə münaqişəyə gətirib çıxara bilər", - Trend -a elektron poçtla Virciniya (ABŞ) Universitetinin beynəlxalq münasibətlər şöbəsinin direktoru Stivaçtis qeyd edib.

Ekspertin fikrincə, Azərbaycanda ABŞ RƏM-nin qurulması Rusiya hökümətinin nahaqdan çəkinmədiyini və ABŞ tərəfindən Şərqi Avropada qurulmuş RƏM-in İran və ya başqa bir ölkəyə qarşı deyil, məhz Rusiyaya qarşı yönəldildiyini bir daha sübut edəcək.

ABŞ 2010-cu ilə qədər Çexiyada radar və Polşada İran tərəfindən raket hücumu təhlükəsinin qarşısının alınması bəhanəsi altında on tutucu-raket yerləşdirmək niyyətindədir. Rusiya bu sistemlərin onun təhlükəsizliyinə ziyan vuracağı düşüncəsindədir. RF prezidenti Dmitri Medvedyev noyabrın əvvəlində bildirib ki, ABŞ-ın Avropada RƏM sistemlərini yerləşdirməsinə cavab olaraq, Rusiya Kalininqradda "İskander" raket komplekslərini yerləşdirəcək və həmçinin RM elementlərinin radioelektron boğmasını tətbiq edəcək.

"Yeni seçilmiş prezident Obama və onun administrasiyası Polşa və Çexiya Respublikasında olduğu kimi, Azərbaycanda da RƏM sistemi quraşdırmaq fikrində deyil", - Trend -a elektron poçtla Corc Meyson İnstitutunun (ABŞ) professoru Katz deyib. O hesab edir ki, Obama administrasiyası İranla münasibətləri yaxşılaşdırmaq istədiyini dəfələrlə bildirib.

"Obamanın RƏM sistemini qurmaq niyyətindən mümkün imtinası Tehran tərəfindən müsbət jest kimi nəzərdən keçiriləcək ki, İran bunu qiymətləndirməlidir", - Katz bildirib.

Eyni mövqedən rusiyalı ekspert Mixail Delyaqin də çıxış edir.

"Rusiya özünün Qəbələdəki RLS-dən yararlanmağı təklifini edib və NATO bu məsələdə heç bir marağının olmadığını dilə gətirdi", - "Exo Moskvı"nın efirində Qlobalizasiya problemləri institunun rəhbəri Delyaqin deyib. "Qəbələdəki RLS elə də yaxşı resurs deyil, amma amerikalılar İrana qarşı bu sistemi yaratmağa başlasaydılar, onlar hətta onunla da maraqlanardılar. Onların RLS-lə prinsipcə maraqlanmaması RƏM-in İrana yox, məhz Rusiyaya qarşı yaradıldığını göstərir", - Delyaqin hesab edir.

Ancaq rusiyalı ekspert ABŞ-ın Qəbələ RLS-dən məhz Rusiya ilə münasibətlərin yaxşılaşdırılması məqsədilə istifadəsini də mümkün sayır.

"ABŞ yeni prezidenti dövründə öz məqsədlərinə nail olmaq üçün Rusiya da daxil olmaqla, bütün tərəfdaşlarından sərt, birtərəfli yanaşma tətbiq etməyəcək", - rusiyalı təhlükəsizlik məsələləri üzrə ekspert Mixail Remizov hesab edir. "Bununla yanaşı nəticə eyni olacaq - Amerika maraqları farvaterini aşağı xərclərlə sürdürmək", - Trend -a Milli strategiya institutunun prezidenti Remizov bildirib. Onun fikrincə, bu nöqteyi-nəzərdən ABŞ-ın Rusiya ilə birlikdə Azərbaycandakı Qəbələ RLS-dən istifadəyə yaxşı imkan yaranır. "Bu Obamaya Avropadakı RƏM sisteminin qurulmasını ən azından sürətləndirməmək imkanı verəcək", - o qeyd edib.

Azərbaycanlı ekspert hesab edir ki, amerikan RƏM-nin Azərbaycanda yerləşdirilməsi - həqiqi balanlaşdırılmış siyasət yürüdərək, geopolitik məkanda uğurla manevr edən ABŞ-ın Qafqaz regionunda yeganə ölkədə möhkəmlənməsi deməkdir.

"RƏM-in Azərbaycana "itələnməsi" Moskvanın ölkədəki mövqeyini zəiflədəcək, Azərbaycanın NATO-ya üzvlüyü üçün etibarlı fundament yaradacaq, nəinki Rusiya və İran, həm də son zamanlar amerikalı siyasətçilərini öz müdafiə proqramları ilə daha çox qayğılandıran Çinin də raket proqramları üçün strateji dəhlizlərinin qarşısını alacaq", - Trend -a "LİDER" Media-Holdinqin analitik qrupunun eksperti Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu təşəbbüsün uğuru həmçinin ABŞ üçün böyük İslam ölkələri olan Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrdəki nüfuzuna müsbət etibar qatacaq.

Amerikalı müşahidəçilərin ABŞ-ın yaxınlarda Qəbələ RLS-dən istifadə etməyəcəyi haqda əminliyinə baxmayaraq, bəzi analitiklər belə dönüşü istisna etmirlər.

"Amerika RƏM sisteminin Azərbaycanda qurulması Rusiyanın addımlarına qarşı atıla bilər", - Stivatçis hesab edir. "Burada məsələ Kremlin ABŞ-la münaqişədə nə dərəcədə maraqlı olduğundadır. Məhz bu ABŞ-ni Azərbaycanda RƏM sistemi qurmağa vadar edə bilər", - o hesab edir.

Bəzi analitiklər qeyd edir ki, ABŞ-ın hazırda qarşılaşdığı iqtisadi problemlər Rusiyaya Birləşmiş Ştatlara meydan oxumaq üçün böyük imkanlar yaradır", - ekspert bildirib.

Materialın hazırlanmasında iştirak edib - R.Ağayev (Moskva)

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti