...

Rusiyanın Ermənistanı tez cilovlaması indiki reallıqda daxili vəziyyətinin sabitləşməsi və region üçün faydalıdır – Mübariz Əhmədoğlu

Nəzər nöqtəsi Materials 16 Yanvar 2012 12:17 (UTC +04:00)
Rusiya dövlətçiliyi ciddi sınaq qarşısındadır. Vaxtilə SSRİ-ni dağıtmış Mixail Qorbaçov və onun ətrafındakı ermənilər indi də eyni ssenari üzrə Rusiyaya qarşı hərəkətə başlamışlar.
Rusiyanın Ermənistanı tez cilovlaması indiki reallıqda daxili vəziyyətinin sabitləşməsi və region üçün faydalıdır – Mübariz Əhmədoğlu

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq

Rusiya dövlətçiliyi ciddi sınaq qarşısındadır. Vaxtilə SSRİ-ni dağıtmış Mixail Qorbaçov və onun ətrafındakı ermənilər indi də eyni ssenari üzrə Rusiyaya qarşı hərəkətə başlamışlar. O vaxt Qorbaçov və komandası zərərsizləşdirilsəydi, indi belə təhlükə meydana çıxmazdı.

Moskvada müxalifətin mitinqləri çoxsaylıdır və mütəmadi keçirilməyə başlanılmışdır. Bu mitinqlərin təşkilində, maliyyələşməsində, Qərblə əlaqələrinin qurulmasında ermənilərin rolu aşkar görünür. Eləcə də Ermənistan keçmiş sovet respublikaları içərisində yeganə ölkədir ki, Rusiyada keçirilən müxalifətin mitinqlərinə dəstək verir. Azərbaycan prizmasından bu çox maraqlı hadisədir, çünki ermənilərin SSRİ-ni dağıtması və eləcə də antirusiya fəaliyyətləri erməni mahiyyətindən irəli gələn məsələ olduğu sübut olundu.

ER prezidenti Serj Sarkisyan ötən ilin payızında "Moskovskie Novosti" qəzetinə verdiyi müsahibədə ermənilərin, xüsusilə DQ probleminin SSRİ-ni dağıtdığını etiraf etdi. Öz tarixlərini 5000 ilədək uzadan ermənilər "uzun" tarixlərində ilk dövlətçiliyə yalnız Rusiyanın hesabına nail olmuşlar; Rusiyaya minnətdarlıq əvəzinə SSRİ-ni dağıdan ermənilər indi də RF-ni dağıtmaqla məşğuldurlar. RF-nin Ermənistanı və erməniləri cilovlaması istiqamətində addımlara başlamasının vaxtıdır:

1. DQ probleminin Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi əsasında həlli istiqamətində RF addımlarının intensivliyini və qətiyyətini artırmalıdır.

2. Meğri dəmir yolu və ümumilikdə Zəngəzurun Azərbaycana qaytarılması məsələsi RF tərəfindən aktuallaşdırılmalıdır. Bu sadalanan addımlar Rusiya-Azərbaycan münasibətlərində inamı daha da artırmaqla yanaşı, Ermənistanın Rusiyanın təsir zonasında saxlanılması istiqamətində iki dövlətin - Azərbaycanla Rusiyanın birgə fəaliyyətinə ciddi əsas yaradacaqdır.

3. RF Osmanlı imperiyasına qarşı ermənilərdən istifadə siyasətinin mahiyyətini aşkarlamalıdır. Bunun üçün müvafiq arxiv materialları üzərindən məxfilik qrifi götürülməlidir.

Bu gün erməniləri Rusiyanın əleyhinə işləməyə, Türkiyəyə tərəf keçməyə təhrik edən ABŞ və Fransa Rusiyanın belə addımından sonra başa düşəcəklər ki, onlar indi də Rusiyanın vaxtilə atdığı addımın təsiri altında hərəkət edirlər. Rusiyanın Osmanlı imperiyası dövründə erməniləri öz xeyrinə işlətməsi ilə bağlı sübutları ortalığa qoyması Türkiyə-Ermənistan münasibətlərini Rusiya qane edən həddə qədər gətirməklə yanaşı, ermənilərin Qərbdəki imicinə ciddi zərbə vuracaqdır. Maliyyə baxımından güclənən Rusiya Qərb qarşısında psixoloji üstünlük əldə edə bilər. Rusiyanın bu yöndəki addımlarını, müasir Türkiyə ilə münasibətlərini ciddi pisləşdirəcəyini düşünməyə əsas yoxdur. Çünki Rusiyada və Türkiyədə ictimai siyasi mühit çar Rusiyası ilə Osmanlı imperiyasının münasibətlərindən kifayət qədər məlumatlıdırlar. Rusiya ilə Türkiyə arasındakı bütün neqativliklər artıq arxada qalmışdır. Bu iki dövlət arasında yaxşı və ya daha yaxşı münasibətlərdən söhbət gedə bilər. RF Dövlət Dumasının qondarma "erməni soyqırı"mını tanımaqla bağlı qərarından imtinasının gündəliyə gətirilməsi mümkündür.

Erməniləri cilovlamaqla daxil vəziyyətini sabitləşdirməklə yanaşı, Rusiya Ermənistanla münasibətlərində və Qafqaz siyasətində aydın və proqnozlaşdırılan vəziyyət yarada bilər. Bu vəziyyətin Rusiya ilə Azərbaycanın xeyrinə olacağı şəksizdir.

Xəbər lenti

Xəbər lenti