...

Türkiyə-PKK danışıqları yarımçıq qala bilər

Nəzər nöqtəsi Materials 16 Yanvar 2013 15:39 (UTC +04:00)

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Tez-tez gündəmin dəyişdiyi Türkiyədə müzakirə mövzularından biri də PKK terrorunun bitirilməsi istiqamətində hakimiyyətin atdığı addımlardır.

Əslində Türkiyə hakimiyyətinin PKK terrorunun bitirilməsi üçün atdığı addımlar yeni deyil. Belə ki, hələ 2005-ci ildə ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışı zamanı ölkədə mövcud olan kürd problemini həll etmək istəyində olduqlarını bildirmişdi. Lakin 2008-ci ilin noyabr ayında Hakkari vilayətinin Şəmdinli rayonunun Aktütün məntəqəsinə PKK terrorçularının hücumu "kürd açılımı" məsələsini arxa plana atdı. Buna baxmayaraq, kürd probleminin həlli öz aktuallığını itirmədi.

Problemin həlli üçün hakimiyyət 2009-cu ildə yeni, daha sonradan "Milli birlik layihəsi" adlandırılan "Demokratik açılım" layihəsinə start verdi. Bu layihəyə əsasən, İraqın şimalındakı PKK düşərgələrindəki yaraqlılar silahlı müqavimətə son qoyaraq Türkiyə ərazisinə qayıtmalı idilər.

Layihə qismən həyata keçsə də, yaraqlıların Türkiyəyə qayıtması, PKK tərəfdaşları tərəfindən qəhrəman kimi qarşılanması və ölkə müxalifətinin buna ciddi reaksiyası layihəni yarımçıq qoydu.

Son olaraq atılan addımlar isə hakimiyyətin İmralı adasında saxladığı terror təşkilatının lideri Abdullah Öcalanla danışıqların başladılması oldu.

Aparılan danışıqların təfərrüatları barədə məlumat olmasa da, Türkiyə rəsmiləri bunun milli birlik üçün atılan addım olduğunu və ölkənin terrora boyun əymədiyini bildirdilər.

Danışıqların aparıldığı müddətdə isə Fransada PKK terror təşkilatının qurucularından hesab edilən Sakine Cansız, Rojbin ləqəbli Fidan Doğan və Leyla Söyləməzin qətli onu deməyə əsas verir ki, hakimiyyətin üçüncü cəhdi də boşa çıxacaq.

PKK-çıların qətlinin arxasında ilkin mərhələdə Türkiyə kəşfiyyatının olduğu söylənilsə də, bunun bir o qədər də inandırıcı olmadığı görünür. Ən azından ona görə ki, Fransa ilə Türkiyə kəşfiyyatı bir-biri ilə informasiya mübadiləsi aparırlar.
Digər bir tərəfdən isə belə bir addımın atılması hazırda Türkiyənin maraqları daxilində deyil.

Türkiyə mətbuatının verdiyi məlumata görə, qətlin arxasında bəzi ölkələrin xüsusi xidmət orqanlarının və Türkiyədəki "Bozqurdlar"ın durduğu bildirilir.

Təbii ki, hazırda qətlin arxasında konkret olaraq kimin durduğunu söyləmək doğru olmazdı. Nəzərə alınsa ki, qətlə yetirilən Sakine Cansız PKK-nın silahlı müqavimətinin sona çatmasının tərəfdarı idi, qətlin arxasında İraqın şimalındakı silahlı müqavimətin davam etdirilməsinin tərəfdarı olan PKK yaraqlılarının durduğunu ehtimal etmək olar.

Təbii ki, Sakine Cansızın silahlı müqavimətə son qoyulması üçün danışıqların aparılması məqsədilə Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan ilə Almaniyadakı görüşü İraqdakı PKK-çıların diqqətindən yayına bilməzdi.

Türkiyə rəsmiləri üç PKK-çı fəalın qətlinin aparılan danışıqlara təsir etməyəcəyini bildirsələr də, böyük ehtimal ki , danışıqlar bu dəfə də yarımçıq qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti