...

Bakı və Moskvadakı ekspertlər Qarabağ danışıqlarında ehtiyatlı nikbinliyi vurğulayırlar

Nəzər nöqtəsi Materials 2 Oktyabr 2018 15:16 (UTC +04:00)
Bakı və Moskvadakı ekspertlər Qarabağ danışıqlarında ehtiyatlı nikbinliyi vurğulayırlar.
Bakı və Moskvadakı ekspertlər Qarabağ danışıqlarında ehtiyatlı nikbinliyi vurğulayırlar

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbə görüşü zamanı əldə olunmuş razılaşmalar Dağlıq Qarabağ münaqişə zonasında ümumi sabitliyə cəhdi nümayiş etdirib.

Bu sözləri Trend-ə rusiyalı ekspert Georgi Trofimçuk deyib.

O bildirib: “Böyük ehtimalla, Paşinyan ABŞ-dakı tərəfdarlarından ilkin dəstək alıb və indi parlament seçkiləri keçirməklə Ermənistan daxilində hakimiyyət bölgüsü problemini həll etmək niyyətindədir. İndi çox şey Bakı davranışından asılıdır”.

Ekspert qeyd edib ki, bundan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri ölkə liderlərinin daha əsaslı şəkildə görüşü barədə danışıqlar apara bilərlər:

“Bu, heç bir sensasiya nəzərdə tutmayan sırf texniki prosesdir. Bu, hər zaman baş verir. Məsələlərə gəldikdə isə, bunları nazirlər yox, liderlər özləri konkretləşdirə bilər. Onu da demək lazımdır ki, Düşənbədəki görüş rəsmi protokol nəzərdə tutmurdu, ona görə də orada heç bir fundamental razılaşma əldə olunmayıb. Bununla belə, vurğulamaq lazımdır ki, nizamlama prosesində ehtiyatlı nikbinlik yaranıb və Düşənbədəki görüş bu baxımdan vacibdir”.

Öz növbəsində azərbaycanlı politoloq Zaur Məmmədov Trend-ə bildirib ki, Ermənistan liderinin ritorikası Bakının Ermənistanda bu gün mövcud olan eyforiyanı dağıtmaq gücündə olması ilə əlaqədar dəyişib:

“Əgər əvvəllər Ermənistan KTMT-yə ümid edirdisə, indi mövcud reallıqları dərk edərək başa düşür ki, münaqişənin hərbi mərhələyə keçəcəyi təqdirdə təşkilat üzvləri Yerevanı yox, Bakını dəstəkləyəcək. Bundan başqa, Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Bir tərəfdən Paşinyanın radikal bəyanatları ona seçkilərdə qalib gəlməyə kömək etsə də, amma digər tərəfdən münaqişənin nizamlanmasına mane olur. Aydındır ki, Bakı danışıqlar masasına Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələrinin oturmasına imkan verməyəcək. Ona görə də Paşinyan əvvəlki bəyanatlarına baxmayaraq Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların əvvəlki formatının saxlanmasına razı oldu. Bakı Paşinyandan konstruktivlik gözləyir. Bu, həm də Ermənistanın marağındadır, çünki erməni ictimaiyyətinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması yalnzı Qarabağ məsələsinin nizamlanmasından sonra mümkündür”.

Ekspert həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında gələcək danışıqların vacibliyini vurğulayıb:

“Bu, nazirlər arasında ilk görüş deyil. Ermənistan XİN Paşinyandan fərqli olaraq Qarabağ məsələsini Azərbaycan tərəfi ilə ilk dəfə müzakirə etmir. Bu isə onu göstərir ki, münaqişə tərəfi hansısa uydurulmuş üçüncü tərəf yox, məhz Ermənistandır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti