Bakı. Elçin Mehdiyev - Trend:
Prezident İlham Əliyevin strateji düşüncəsi və sarsılmaz vətənpərvərliyi Azərbaycan siyasətinə yeni nəfəs gətirdi. Dövlət başçısı kadr siyasətinə münasibətdə mühafizəkar sterotipləri sındırdı və gənc kadrlara şans verdi, eyni zamanda qeyd etdi ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizminin vəhdətini yaratmaq lazımdır.
Bunu Trend-ə politoloq Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, təcrübə və dinamizmin sintezi yalnız kollegial idarəçilikdə özünü doğrulda bilər: “Gənc kadrlara bütün sahələrdə ehtiyac var. İstənilən yenilik prosesə dinamika gətirir. Bununla yanaşı, biz ilk növbədə “gənc” deyəndə hansı yaş kateqoriyalarını nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik. Belə məsələlərdə subyektiv və fərdi maraqlardan çıxış etmək qətiyyən yolverilməzdir. Məsələn, 20-40 yaş arasında olan bir insan bu kateqoriyadan yuxarı olan hər kəsi “yaşlı” hesab edir. Halbuki 40-60, bəzən isə 40-65 yaş arasındakı insanların idarəçiliyi daha effektiv nəticələrə gətirib çıxarır. Çünki, hətta kollegial idarəçilikdə belə çoxsaylı ideya və fikirlər arasından ən doğru olanını seçmək, kadrlardan yerində istifadə etmək üçün mütləq müəyyən həyat və iş təcrübəsi lazımdır.
Gənclər təcrübəli idarəçilərdən tələsik, düşünülməmiş qərarlar qəbul etməməyi, istənilən məsələnin hərtərəfli öyrənməyi və təhlil etməyi, təkcə mexanizmləri deyil, prosesin gedişinə təsir göstərə biləcək insan faktorunu – xarakterini, psixologiyasını nəzərə almağı, kadrlara münasibətdə şəxsi hiss və mülahizələrindən deyil, ictimai maraqlardan çıxış etməyi öyrənə bilərlər və öyrənməlidirlər də. Təcrübəli şəxslərin isə daha çox diqqətə ehtiyacı olur. Pozitiv münasibət, etimad onları prosesin tərkib hissəsinə çevirə, daha faydalı olmalarına zəmin yarada bilər. Fundamental mənada öyrənməyə gəldikdə isə öz üzərində işləməyi, özünü formalaşdırmağı sevən bir insan üçün yaşın heç bir anlamı yoxdur. Hətta kiçik yaşlı uşaqlardan da yeni nə isə öyrənmək mümkündür”.
Politoloqun sözlərinə görə, görünən odur ki, çoxları “islahat” sözünü və anlayışını öz düşüncəsi və maraqları kontekstində dəyərləndirir: “Təfəkkürləri köhnə paltar dolabının qoxusunu verən, siyasi sistemin və cəmiyyətin özünüqoruma mexanizmlərinin vurub bir kənara atdığı bəzi nimdaş məmur-siyasətçilər onlara qarşı “haqsızlıq edildiyini”, kimlərləsə də müqayisədə daha yaxşı olduqlarını sərgiləmək üçün dəridən-qabıqdan çıxır.
Anlamırlar ki, islahat milli platforma üzərindən yenilənmədir. Başa düşmürlər ki, yalnız milli düşüncə modern, yenilikçi olanda cəmiyyətə fayda verə bilər.
Ölkəmizdə həyata keçirilən islahatların təməl fəlsəfəsində Azərbaycan vətəndaşına və dövlətinə xidmət, azərbaycanlı indentikliyinin ən müsbət keyfiyyətlərinin inkişaf etdirilərək daha modern və zövqlü şəkildə dünyaya təqdim edilməsi, idarəetmə sisteminin modernləşməsi və çağdaş dünyanın tələblərinə cavab verməsi dayanır. Məqsəd ayrı-ayrılıqda hər bir azərbaycanlını, bütövlükdə isə Azərbaycanımızı dünyanın amansız dəyişən reallıqlarının içərisindən keçirərək gələcəyə daşımaq, rəqabətədavamlı etmək və layiq olduğu həyata qovuşdurmaqdır. Bacarsanız, fərdi eqonuzu, qisasçılıq hisslərinizi bir kənara qoyun. Daha yeni, daha müasir Azərbaycanda hər kəsə intellektinə və bacarığına görə yer olacaq”.