Gürcüstan, Tbilisi, 12 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Xalq müdafiəçisi dünya liderlərinə və beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edərək, təşvişlə qeyd edir ki, rus tankları gürcü kəndlərini bir-birinin ardınca ələ keçirir və paytaxta istiqamətlənir.
"Mən heç vaxt sözümdən qaçmamışam və həmişə ölkədə insan hüquqları ilə bağlı buraxılmış səhvləri aşkar etmişəm. Mən gələcəkdə də susmaq fikrində deyiləm, lakin rus ordusunun Gürcüstanın paytaxtı istiqamətində açıq marşa və ölkəni işğal etməyə başladığı bir anda, bütün digər məsələlər arxa plana keçir. Çünki azad cəmiyyətin yaradılması üçün yeganə yol müstəqilliyin qorunub saxlanılmasıdır.
Gürcü xalqının öz gələcəyini müəyyənləşdirmək üçün gücü var. Gürcü xalqı bu qeyri-bərabər mübarizədə azadlığı müdafiə etmək üçün sonadək mübarizə aparacaq.
Mən bütün beynəlxalq təşkilatları və demokratik ölkələrin liderlərini Gürcüstanı darda qoymamağa, bəyan edilmiş ümumi prinsiplərin müdafiəsi məqsədilə addımlar atmağa və gürcü xalqına müstəqilliyinin müdafiəsində kömək etməyə çağırıram", - müraciətdə deyilir.