Türkiyə, Ankara, 13 noyabr/ Trend , müxbir A.Ələsgərov/ İtaliyanın Baş naziri Silvio Berluskoni "Hürriyət" qəzetinə müsahibəsində geniş sayda məsələlərə şərh verib. Türkiyənin Avropa İttifaqının üzvü olmaq səylərindən danışan Berluskoni Ərdoğan hökumətinin xidmətlərini xüsusi qeyd edib.
Berluskoninin sözlərinə görə, Ərdoğanın Avropaya inteqrasiya baxımından göstərdiyi qətiyyət, ölkənin dünyəvi xarakterli olması ilə bağlı şübhələr də daxil olmaqla, mənfi rəyləri əsassız edir. Onun Ərdoğanla şəxsi dostluğu barədə sualı cavablandıran İtaliyanın Baş naziri bildirib ki, "şəxsi dostluq sayəsində ölkələr arasında münasibətlər möhkəm olur".
İtaliya Aİ - də Türkiyənin vəkili qismində çıxış edir, - Berluskoni əlavə edib. O izah edib ki, "Ankara kontinental təhlükəsizliyin vacib amilidir". Baş nazir Silvio Berluskoni və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan İzmirdə Türkiyə və İtaliya hökumət nümayəndə heyətlərinin iclasına başçılıq ediblər.