...

ABŞ və Aİ-nin təzyiqi İsraili beynəlxalq öhdəliklərə riayət etməyə məcbur edə bilər

Dünya xəbərləri Materials 3 Aprel 2009 17:05 (UTC +04:00)
ABŞ və Aİ-nin təzyiqi İsraili beynəlxalq öhdəliklərə riayət etməyə məcbur edə bilər

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir Ü.Sadıqova /

İsrailin yeni hökumətinin Annapolisdə keçirilən sülh konfransının öhdəliklərindən imtina etməsinə baxmayaraq, ABŞ və Avropa İttifaqı (Aİ) İsrailə siyasi və iqtisadi təzyiq göstərərsə, fələstinlilərlə sülh prosesi davam etdirilə bilər.

"Sülh prosesi (İsrail ilə fələstinlilər arasında) ABŞ və Aİ-nin mövqeyindən asılıdır. Aİ və ABŞ İsrail üzərində siyasi, hərbi və iqtisadi nüfuza malikdir", - deyə Trend -a Brüsseldən telefonla Aİ-də Fələstin nümayəndə heyəti rəhbərinin müavini Adil Ətiyyə bildirib.

İsrailin "Jeruselam Post" qəzetinin yazdığına görə, İsrailin yeni xarici işlər naziri Aviqdor Liberman çərşənbə günü bildirib ki, Benyamin Netanyahunun yeni hökuməti Annapolisdə keçirilən konfransda imzalanan sazişə əməl etmək məcburiyyətində deyil.

Bu, "İsrail  Bizim Evimizdir" partiyasının rəhbəri Libermanın XİN rəhbəri postuna keçməsindən sonra ilk əhəmiyyətli bəyanatı oldu.

Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə konfrans 2007-ci ilin noyabrında ABŞ Prezidenti Corc Buş, İsrailin Baş naziri Ehud Olmert və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə Amerikanın Annapolis şəhərində keçirilib. "Yol xəritəsi"nə riayət edərək Fələstin-İsrail barışığının əldə olunması və 2008-ci ilin sonunda müstəqil Fələstin dövlətinin yaradılması qərara alınmışdı.

2003-cü ildə "Yaxın Şərq dördlüyü"nün (Rusiya, Aİ, ABŞ və BMT) vasitəçiliyi ilə qəbul olunan "Yol xətirəsi" iki dövlətin - İsrail və Fələstinin mövcudluq probleminin həllinə yönəldilib. 

"Jeruselam Post" qəzetinin yazdığına görə, Liberman "Yol xətirəsi"ni fələstinlilər ilə barışıqda İsrail üçün yeganə məqbul sənəd hesab edir.

İsrail qəzetinin verdiyi xəbərə görə, Liberman bildirib ki, "Yol xətirəsi" İsrail hökuməti tərəfindən qəbul olunub və BMT Təhlükəsizlik Şurası tərəfindən öz təsdiqini tapıb, halbuki, Annapolisdə imzalanan saziş nə İsrail hökuməti, nə də Knesset tərəfindən təsdiq edilməyib.

Bar-İlan Universitetinin (İsrail) politologiya professoru, siyasi və kommunikasiya araşdırmaları fakultəsinin sədr müavini, İsrailin baş nazir ofisində, həmçinin Xarici İşlər və Müdafiə nazirliklərində işləmiş keçmiş müşavir Eytan Qilboa hesab edir ki, Annapolisdə imzalanan sazişlər nəticəsiz oldu, çünki onlar qeyri-müəyyən və yalnış tərtib olunmuşdu.

"Mahmud Abbas Fələstin ərazilərinə nəzarət etməyi bacarmadı. HƏMAS İsrail ilə barışıqdan imtina edir və İsrail üçün belə bir şəraitdə istənilən sazişi yerinə yetirmək çətindir", - deyə Trend -a telefonla Qilboa bildirib.

Ərəb diplomatik dairələrində Libermanın bəyanatını kəskin təqnqidlə qarşılayıblar, onlar Aİ və ABŞ-ın narazılığına gətirib çıxar bilər.

Fələstinlilərlə danışıqlarda Libermanın mövqeyi həmişə sərt olub. O, Qərb Sahilində yəhudi məskənlərinin salınmasını dəstəkləyir və Fələstin hökumətinin şəhərin Şərq hissəsinin qaytalırmasını tələb etməsinə rəğmən, Qüdsün İsrailin bölünməz paytaxtı kimi saxlanılması mövqeyindən çıxış edir. Həmçinin yeni Baş nazir Netanyahunun Fələstin ərazilərində iqtisadi problemlər həll olunmayınca və HƏMAS müqavimət göstərməyi dayandırmayınca fələstinlilərlə barışığın mənasız olmasına dair ideyasını dəstəkləyir.

"Fələstinlilər başa düşürlər ki, Liberman müharibəyə meyillidir və Fələstin dövlətinin yaranmasına qarşı çıxır. Beynəlxalq ictimaiyyət [sülh prosesində] dəqiq və məsuliyyətli mövqe tutmalıdır", - deyə fələstinli diplomat Ətiyyə bildirib.

Ətiyyənin fikrincə, Aİ və ABŞ-ın İsrailə siyasi və iqtisadi təsiri, onu beynəlxalq prinsiplərə riayət etməyə məcbur edə bilər

"Aİ İsrailin birinci ticarət tərəfdaşıdır (İsrailin mal dövriyyəsinin 33 faizi - Trend -un qeydi) və bu resurslar İsrailə təzyiq kimi istifadə oluna bilər. ABŞ fələstinlilərə qarşı müharibədə İsrailə hərbi yardımı və dəstəyə son qoymalıdır", - deyə o bildirib.

HƏMAS hərəkatı üzvlərinin məhv edilməsi məqsədi ilə İsrailin Qəzzə Zolağına son hücumunda BMT-nin anklavada qırğının dərhal dayandırılması barədə qətnamə qəbul etməsinə baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Corc Buş İsraili dəstəkləyib. Fələstin həkimlərinin məlumatında görə, 1300-dən artıq fələstinli İsrail əməliyyatlarının qurbanı olub.

Şərqi İngiltərə Universitetinin (University of East England) beynəlxalq münasibətlər üzrə lektoru Nikola Pratt Trend -a bildirib ki, ABŞ və Aİ İsraili könüllü olaraq sülh danışıqlarına başlamağa məcbur etmək üçün onunla imzalanan ticarət sazişini və ona yardımı dayandırmalıdır.

Pratt hesab edir ki, bu, Qərb Sahilində yəhudi məskənləri, Fələstin və İsrail əhalisi arasında ayırıcı divarın tikintisinin dayandırılması və Qəzza Zolağının blokadasının aradan qaldırılması deməkdir. Bütün bunlar beynəlxalq hüquqa ziddir.

Fələstin-İsrail sülh prosesində trəqqi ABŞ-ın Yaxın Şərq siyasətinin əsas prioritetidir.

Dünya KİV-in yazdığı məlumata görə, ABŞ Prezidenti Barak Obama bəyan edib ki, bir ərazidə iki dövlətin - Fələstin və İsrail dövlətinin mövcudluq problemini həll etmək üçün ABŞ fələstinlilər və israillilər ilə daima əməkdaşlıq edəcək.

ABŞ-ın dövlət katibi Hillari Klinton martın əvvəlində regiona səfəri zamanı bildirib ki, "2009-cu il Yaxın Şərqdə barışıq ili olmalıdır".

Vaşinqton Sülh İnstitutunun ərəb-israil münaqişəsi üzrə aparıcı analitiki, ABŞ-ın Yaxın Şərqdəki diplomatik nümayəndəsinin keçmiş müşaviri, İsrail-Fələstin danışıqlarının iştirakçısı Teodor Feyfer elektron poçt ilə Trend -a bildirib ki, Yaxın Şərqdə sülh prosesinin yükü danışıqlarda passivliyi məqbul hesab etməyən Aİ tərəfindən dəstəklənən ABŞ-ın üzərinə düşür. Feyfer hesab edir ki, Fələstin-İsrail sərhədində yerləşən bütün NBM-lərin ləğv edilməsi və yəhudi məskənləri tikintisinin dayandırılması ABŞ və Aİ-nin maraqlarındadır.

"İsrail ABŞ və Avropa ilə sıx əməkdaşlıq etmək istəyirsə, Netanyahu hökuməti öz bəyanatlarından və iddialarından imtina etməlidir", - deyə elektron poçt ilə Feyfer bildirib.

Lakin israilli analitik Qilboa ABŞ ilə əməkdaşlığı Netanyahu hökuməti üçün mühüm hesab edir.

"Netanyahu ümumiyyətlə sülh danışıqlarından imtina etməyib. Onun məqsədi İsrailə qarşı güc tətbiqinin [fələstinlilərin hərbi müqavimətinin] dayandırılması və fələstinlilərlə sülh prosesinə başlamaqdan ibarətdir", - deyə Qilboa bildirib.

Lakin müşahidəçilər fələstinlilərlə münaqişənin nizamlanmasındansa, İsrail ilə Suriyanın barışığının ABŞ Administrasiyası üçün daha mühüm olduğunu hesab edirlər. Martda Suriya və ABŞ, beş il öncə pozulan diplomatik münasibətlərin bərpası üzrə danışıqları bərpa ediblər. İki ölkənin münasibətlərində Suriyanın Livan və Fələstinin İsrailə qarşı müqavimət göstərən "Hizbullah" və HƏMAS hərəkatlarına dəstək göstərməsi problem yaradır.

"ABŞ "Hizbullah" və HƏMAS-ı neytrallaşdırmaq və Fələstin problemininin nizamlanmasını yüngülləşdirmək ümidi ilə bütün səylərini Suriya üzərində cəmləşdirib", - Pratt hesab edir.

Lakin, amerikalı analitik Feyferin rəyinə görə, bu, İsrail-Fələstin sazişlərində heç nəyin edilməməli olması demək deyil.  

Fələstinin Aİ-dəki nümayəndəsi olan Ətiyyə bildirib ki, Fələstin hökuməti İsrailin Fələstin dövlətinin yaradılmasına etirazına cavab olaraq konkret hansı addımları atacağını hələ bilmir.

"Fələstinlilərin yeganə cavabı sülh prosesindən imtina etmək və müqavimətə başlamaq ola bilər. Fələstinlilərin başqa seçimi yoxdur",- deyə o bildirib.

Müşahidəçilər hesab edirlər ki, 2002-ci ildə Beyrutda keçirilən ümumərəb sammitində qəbul olunan ərəb sülh təşəbbüsünün həyata keçirilməsi də, gələcəkdə sülhün əldə olunmasına yardım göstərə bilər.

"Fələstinlilərin və ərəblərin cavabı ərəb sülh təşəbbüsünün həyata keçirilməsi olmalıdır", - deyə Feyfer bildirib.

Sənədə əsasən, İsrail Fələstin ərazilərinin işğalını dayandırmalı, Suriyanın Colan təpələrini və Livanın cənub rayonlarını qaytarmalı və ərəb ölkələri ilə diplomatik münasibətlərin bərpası müqabilində Fələstin qaçqınlarının tarixi yurdlarına qayıtmasına icazə verməlidir.

Lakin İsrail hökuməti tam da olmasa bu planı nəzərdən keçirməkdən imtina edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti