...

ABŞ İslam əleyhinə vuruşmayıb – ABŞ Prezidenti (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 6 Aprel 2009 20:20 (UTC +04:00)
ABŞ İslam əleyhinə vuruşmayıb – ABŞ Prezidenti (ƏLAVƏ OLUNUB)

Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən ABŞ Prezidenti Barak Obama deyib ki, ABŞ heç vaxt İslam və müsəlmanlara qarşı müharibə aparmayıb. Məlumatı TRT-2 telekanalı yayıb.

"ABŞ-ın müharibəsi İslama yox, terrora qarşı yönəlib. PKK və "Əl-Qaidə" bizim ümumi düşmənlərimizdir", - Obama deyib.

Obamanın sözlərinə görə, ABŞ-la müsəlman dünyasının iş birliyi qərb və müsəlman cəmiyyətləri arasındakı sosial problemlərin aradan qaldırılmasına yönəlib.

Obama Türkiyəyə bazar günü axşam gəlib. ABŞ Administrasiyasının başçısının ilk dəfə olaraq müsəlman ölkəsinə səfəri iki gün çəkəcək.

"Bu gün Obama Türkiyə Prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq", - Euronews xəbər verir.

Müzakirə ediləcək məsələlər arasında Türkiyənin Avropaya inteqrasiyası da var.

ABŞ Prezidentinin səfəri münasibətilə Ankara və İstanbulda xüsusi təhlükəsizlik tədbirləri görülüb. Obamanın kortejinin hərəkət zonasını təxminən 4 min polis və xüsusi xidmət əməkdaşları qoruyacaq.

ABŞ Prezidentinin Türkiyə rəsmiləri ilə əsas danışıq mövzusu həm də Türkiyə-Ermənistan sərhədinin açılması olacaq.

TBMM-də çıxış edən ABŞ Prezidenti deyib ki, ABŞ Türkiyə-Ermənistan sərhədinin açılmasına tərəfdardır. TRT-2 xəbər verir.

"Ermənilər və türklər mübahisəli tarixi keçmişi arxada qoyaraq əlaqələri normallaşdırmalıdırlar", - Obama bildirib.

O, əlavə edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynaya bilər.

"ABŞ Türkiyə və Ermənistan arasında "erməni soyqırımı" hadisələrinə aid bütün danışıqları yaxından izləyir. Konkret bəyanatlar vermək istəməsəm də biz Türkiyə-Ermənistan danışıqlarının inkişafına yardım edə bilərik", - ABŞ Prezidenti Obama Türkiyə Prezidenti Güllə birgə mətbuat konfransında deyib.

"Erməni soyqırımı" məsələsi ilə bağlı ABŞ mövqeyini dəyişməyib.

"ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır", - Obama qeyd edib.

Obama, həmçinin kürd terror təşkilatı olan Kürdüstan İşçi Partiyasına qarşı (PKK) mübarizədə Türkiyə dövlətinə ABŞ-ın dəstək olduğunu bildirib.

Türkiyənin Aİ-yə qəbulu məsələsinə toxunan ABŞ Prezidenti qeyd edib ki, Türkiyə Avropa təhlükəsizlik sisteminin vacib hissəsidir və Ankara ilə birgə iş ABŞ-ın regionla bağlı əsas vəzifələrindən biridir.

"ABŞ Türkiyənin Avropa İttifaqına daxil olmasına tərəfdardır. Birgə fəaliyyətimiz iqtisadi böhranla bağlı problemlərin həllinə nail olmağa yardım edər", - Obama vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə əsasən, heç bir dövlət təkbaşına iqtisadi böhranın öhdəsindən gələ bilməz.

Obama əlavə edib ki, Avropa ölkələri, Türkiyə və ABŞ birgə fəaliyyətə kökləniblər.

Obama qeyd edib ki, Aİ-yə daxil olmaqdan ötrü Türkiyədə aparılan islahatlar türk cəmiyyəti üçün vacibdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti