Azərbaycan, Bakı, 01 may / Trend , müxbir V.Javoronkova / Qazaxıstan 2010-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi dövründə bir neçə MDB ölkəsinin dəstəyi ilə bu təşkilata dair baxışlarını təklif etməyə hazırlaşır. Bu barədə Risklərin Qiymətləndirilməsi Qrupunun (Qazaxıstan) direktoru Dosım Satpayev bildirib.
"Qazaxıstan, bir neçə MDB dövlətinin dəstəyi ilə bu təşkilatın necə olmasına dair öz baxışlarını təklif etməyə hazırlaşır", - deyə Trend -a Qazaxıstandan telefonla Satpayev bildirib.
ATƏT-də sədrlik imkanının Qazaxıstana verilməsinə dair qərar elə əvvəldən qızğın müzakirələrə səbəb oldu.
Ekspertin fikrincə, Qazaxıstanın sədrlik üçün lazım olan bütün demokratik islahatları həyata keçirəcəyini heç kim gözləmirdi. Lakin Mərkəzi Asiya ölkəsi təşkilata sədrlik edəcək.
Ekspert hesab edir ki, Qazaxıstana belə bir imkanın verilməsinin səbəbi geopolitikadır. Onun rəyinə görə, bir çox Avropa ölkələri Mərkəzi Asiya ölkələri ilə enerji sahəsində münasibət qurmağa can atır.
"Düşünürəm ki, bu mümkündür, buna ən əsas səbəb ATƏT-ə sədrlik postu əvəzində neftdir", - deyə Satpayev vurğulayıb.
Satpayevin sözlərinə görə, Qazaxıstan ATƏT-ə sədrlik zamanı əsas diqqətin demokratik inkişaf problemlərinə deyil, təhlükəsizliyin təmin edilməsi problemlərinə yönəldiləcəyini bəyan edib. Bununla yanaşı, söhbət regional, terrorçuluq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədən gedir.
"Məhz buna görə də Qazaxıstan ATƏT-in tələblərinə köklənməyə hazırlaşmadığını daima bəyan edir. Çünki respublikanın bu təşkilatın necə olmasına dair öz baxışları var", - deyə Satpayev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]