Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir AşAxundov /
Cari ilin noyabrın 5-də Nyu-Yorkdakı Kolumbiya Universitetində "Azərbaycan XXI əsrdə: perspektivlər və çağırışlar" mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Harriman İnstitutu tərəfindən təşkil olunub və Azərbaycan diplomatiyasının 90-cı illiyinə həsr olunub, bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin press-relizində deyilir.
"Tədbirdə Azərbaycanın xarici işlər naziri Araz Əzimov, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqaladə və səlahiyyətli səfir Aqşin Mehdiyev, ölkənin ABŞ-dakı fövqaladə səfiri Yaşar Əliyev, professor Timoti Fray, səfir Stefan Sestanoviç iştirak edib", - press-relizdə deyilir.
Sənədə əsasən, tədbirdə Araz Əzimov "Dəyişən mühitdə Azərbaycanın təhlükəsizlik siyasəti" mövzusunda, Aqşin Mehdiyev "Müstəqil, bütöv, çiçəklənən və demokratik Azərbaycana aparan yol" mövzusunda, Yaşar Əliyev "Azərbaycan-Amerika münasibətləri" mövzusunda çıxış edib.
Sonra xarici işlər nazirinin müavini, Azərbaycanın BMT yanında daimi nümayəndəsi və ölkənin ABŞ-dakı səfiri tədbir iştirakçılarının suallarını cavablandırıb.
"Tədbirin sonunda Azərbaycan XİN tərəfindən bütün iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sənədlər toplusu paylanıb, həmçinin münaqişə barədə kitablar təqdim edilib", - press-relizdə deyilir.